Ehsan məsələsi hələ də Azərbaycanda öz həllini tapmayan problemlərdən biri olaraq qalmaqdadır. Ötən günlərdə Şəki rayonun Şirinbulaq kənd camaatı belə qərarı gəlib ki, bundan sonra yas mərasimlərində yemək verilməyəcək. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığı məlum olub. Bəs bu adət nə dərəcədə əhəmiyyətlidir? Gələn qonaqları sayıb bir stəkan çay, bir boşqab halva verməli, yoxsa “ayıbdır”, “adımız-sanımız var” deyə camaatın qarnını doyurmağı düşünməliyik?
Lent.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.
Elimizin məşhur adətlərindən biri olan dəfn mərasimindən sonra verilən ehsanlar artıq əndazədən çıxıb.
Xeyli müddətdir ölkədə yas mərasimlərinin biznesi də formalaşıb, yəni bu sahə əməlli-başlı qazanc yerinə çevrilib. Bu işlə məşğul olan şəxslər mərasimlərin dəbdəbəli keçirilməsi üçün yas sahiblərinə yüksək səviyyəli xidmətlər təklif edirlər.
Məsələn, kirayə yas çadırlarının elanlarına nəzər saldıqda görürük ki, burada VİP və sadə çadırların qurulması, sifarişə uyğun ehsan süfrəsinin açılması, ofisiant, çayçı, qabyuyan, aşpaz, qab-qacaq, stol-stul, samovar və dəfn maşını təklif edirlər.
Hazırda sadə çadırın qiymətinin 550-600 manatdan başlayır. VİP çadırların bir günü isə 1700-2000 manatdır.
Mərasim evlərində ehsan verməyin yas sahibinə neçəyə başa gəldiyini öyrənmək üçün araşdırma etdik. Məlum oldu ki, göstərdiyi xidmətə görə hər mərasim evinin öz qiyməti var.
Məsələn, Neftçilər ərazisində yerləşən bir mərasim evində 100-150 nəfərlik məclis üçün yas sahibi adambaşına 16 manatdan xidmət haqqı ödəməli olur. İstəyə görə, ya aş, ya da buğlama yeməyi verilir. Məclisi idarə edən mollaya isə əlavə 50 manat ödənilir. Adı çəkilən və çəkilməyən bütün xərcləri hesablasaq, “üç”, yeddi”, “qırx” mərasimləri azı 14 minə başa gəlir.
Adam bilmir ki, ölüsünün dərdini çəksin, yoxsa bir göz qırpımında yoxa çıxan pulunun...
Bir tərəfdən də düşünürsən ki, bu qədər insan sayıb, işini-gücünü qoyub bu boyda yol gəlib başsağlığı verməyə, necə ola ki, sən onun qarşısını bir stəkan isti çay qoymayasan.
Bu ölünün adına bir halva da çalınmalıdır, ya yox? Bəs indiki yas mərasimləri çay və halva ilə yekunlaşır? Təbii ki, xeyr.
Qonaqların qabağına cürbəcür yeməklər düzən kim, ayda-ildə bir dəfə alıb evimizə apardığımız meyvələri dolduran kim, spirtlisindən başqa hər növ içki təklif edənlər kim...
Ay dostlar, heç nə demirəm, stolun üstünə bir tikə pendir-çörək də qoysanız bəsdi. Məgər kimsə tutub qolunuzdan qaldıracaq ki, sən ölünü ağlama, dur gəl mənə qəşəng yemək bişir?
Adını da qoyurlar ki, bu dində var, biz də edirik, özü də ən yaxşısını. Görəsən həqiqətən dinimiz yas mərasimlərində ehsan verməyi buyurub? Sualımıza cavab almaq üçün din xadimi, Təzə Pir məscidinin axundu Mircəfər Əyyubova müraciət etdik.
Din xadimi saytımıza açıqlamasında bu fikirləri səsləndirib:
"Hesab edirəm ki, yas mərasimlərində ehsanın verilməsinin israfçılıq adlandırılması qərəzli bir müzakirədir. Əgər bizim problemimiz israfçılıq, iqtisadiyyatımızın zəifləməsinə yönəlik hərəkətlərdirsə, onda mərasimin yas, toy və ya ad günü olmasının heç bir fərqi yoxdur. Yas mərasimlərində israf sayıla biləcək ehsan verənlər əsasən, varlı təbəqənin nümayəndələridir. Möminlərin əksəriyyəti orta və ya kasıb təbəqə olduğu üçün onların məclislərində həddən artıq çox yeməklər olmur. Nəzər yetirsək görərik ki, bu varlı təbəqədən olanlar adətən məscidə gedən, dinlə məşğul olan insanlar deyil. Yəni, onların ruhani ilə kontaktları yasdan yasa olur. Məhz israfçılığa mane olmaqdan ötrü yas mərasimlərində ehsanın verilməsinin qadağan olunması da həmin insanların ruhani ilə yeganə ünsiyyət formasının qarşısını almaq deməkdir. Onlar onsuzda toy və ya başqa xeyir işlərində bu israfçılığı əldən verməyəcəklər. İtirəcəyimiz sadəcə həmin şəxslərin dinlə, ruhaniyyətlə əlaqələri olacaq. Nə onlar israfdan əl çəkəndi, nə də bu məsələ həll olandır”.
Müsahibimiz qeyd edib ki, heç bir yas mərasimində ən sadə ad günü və ya toy qədər israfçılığa yol verilmir:
“Dayanmadan 4-5 saat qidalanmaların mərkəzi yas deyil, toylardır. Təbii ki, mən yas mərasimlərində israf etmək olar, demirəm. Dinimiz ümumiyyətlə, israfı qadağan edir”.
“İkinci məsələ isə ondan ibarətdir ki, dinimizdə "üç", "yeddi" və "qırx" mərasimlərinin verilməsi nəinki zəruri deyil, heç tövsiyə belə olunmayıb. Doğrudur, ilk dəfə Məhəmməd Peyğəmbərin (s) dövründə 3 gün müddətində yas verilib”, - deyə əlavə edib.
Mircəfər Əyyubov problemlərin aradan qaldırılması üçün xüsusi proqramların hazırlanmasını tövsiyə edib:
“Məsələn, yas mərasimlərində 1-2 saat müddətində camaat yığışsın, bir ruhani moizə oxusun, yüngülvari də bir ehsan verilsin, vəssalam. Bunu proqramlaşdırmaq çətin deyil. Biz bütün bu mərasimləri yerli-dibli yığışdırsaq, onsuz da gecə-gündüz demək olar ki, əyyaşlıq səviyyəsinə çatmış əyləncələrin fonunda olan-qalan mənəviyyatımız da əlimizdən gedəcək. Əgər xurafatçı ruhanilərdən imtina etmək istəyirsinizsə, onları, israfçılığın qarşısını almaq istəyirsinizsə, onu neytrallaşdırın. Amma bütünlüklə bir mənəvi cərəyanı ləğv edib, adını israfçılıq qoymaq qərəzli mövqedir”.
Sözsüz ki, yas mərasimlərində yol verilən israfçılıqla bağlı mövzu Azərbaycanda ilk dəfə gündəmə gəlmir. Bununla bağlı dəfələrlə tənqidi materiallar da hazırlanıb. Hətta əlaqədar qurumlar tərəfindən bu məsələnin gündəmə gətirilməsinə baxmayaraq, problemin həlli üçün konkret səy yoxdur. Niyə hər adəti əndazədən çıxarıb millətin gözünə batırırıq axı? Bəlkə biraz gözümüzü tox tutub, sadəlikdən yana olaq...