Azərbaycanda pensiyaya çıxma şərtləri ilə bağlı  YENİLİK   ola bilər
26 yanvar 2022 18:01 (UTC +04:00)

Azərbaycanda pensiyaya çıxma şərtləri ilə bağlı YENİLİK ola bilər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya sahəsində nəzərdə tutulan islahatlar və bu istiqamətdə aparılacaq dinləmə və müzakirələrə aydınlıq gətirib.

Lent.az-ın xəbərinə görə, parlamentin komitə sədri APA-ya deyib ki, “Əmək pensiyaları haqqında” qanun 2006-cı ildə qəbul ediləndən sonra bu sahədə islahatlar davam edir.

M. Quliyev qeyd edib ki, islahatların müəyyən müsbət nəticələri olsa da, bu sahədə müəyyən problemlər, çətinliklər hələ də qalmaqdadır: “Ona görə də Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün iş planına bununla bağlı dinləmə daxil etdik. Geniş dinləməni aprel və ya may aylarında keçirməyi planlaşdırırıq. Bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək”.

Parlamentin komitə sədri nəzərə çatdırıb ki, deputatlar tərəfindən vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı məsələ də qaldırılıb: “Bu məsələ komitənin təşkil edəcəyi dinləmədə müzakirə ediləcək. Müxtəlif ölkələrin təcrübələri var. Bəzi ölkələrdə pensiya kapitalı vətəndaşın öz arzusuyla onun özünə verilir, bəzi ölkələrdə icbari sosial sığorta ilə yanaşı könüllü sosial sığorta fondları ilə müqavilə əsasında kapitalın xərclənməsi şərtləri müəyyənləşir. Azərbaycanda isə pensiya hüququ olan şəxs vəfat edirsə, onun pensiya hüququ olan və ya əlilliyə görə pensiya almaq hüququ olan ailə üzvünə onun pensiyası verilə bilər. Ailədə əlilliyi olan övladı, ya əlilliyi olan həyat yoldaşı, ya da pensiya almaq hüququ olan həyat yoldaşı vəfat edən şəxsin pensiyasını ala bilər. Pensiya kapitalının hamısının şəxsin ailə üzvlərin tərəfindən götürülməsi isə bizim qanunvericiliyimizdə yoxdur”.

M. Quliyev vəfat edən şəxsin ailə üzvlərindən pensiya almaq hüququ olan şəxs olmadıqda həmin pensiya kapitalının taleyinin necə olmasına da aydınlıq gətirib:

“Pensiya kapitalı fondu formalaşır. İşləyən şəxslərin əməkhaqqından ayrılan sığorta haqları onların özlərinə çatmır. Başqa sözlə, hazırda bizim əməkhaqqımızdan çıxılan sığorta haqları indi pensiya alan şəxslərə çatır. Biz pensiyaya çıxanda isə o dövrdə işləyənlərin əməkhaqqından ayrılan sığorta haqları ilə pensiya alacağıq. Bu, çox mürəkkəb mexanizmdir”.

Komitə sədri bütün bunlara baxmayaraq, deputatların təklifinə baxılacağını da əlavə edib: “Öncədə də qeyd etdiyim kimi, hazırda bizim qanunvericiliyə görə vəfat edən şəxsin pensiya kapitalı onun ailə üzvlərindən pensiya hüququ olanlara ödənilir. Yəni bu pensiya kapitalından pensiya almaq hüququ olan şəxslər istifadə edə bilər. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib-edilməyəcəyini isə indidən demək çox çətindir, hər bir məsələnin mənfi, müsbət, real olan və real olmayan tərəfi var. Ümumiyyətlə, çalışırıq ki, pensiyalarla bağlı vətəndaşları, deputatları narahat edən məsələlərin hamısını araşdıraq və bu islahatların daha da uğurla olması üçün “Əmək pensiyaları haqqında” qanuna lazımi dəyişiklikləri edək. Məsələn, vətəndaşlarımızın pensiyaya çıxma şərtlərinin yumşaldılması üçün qanunvericiliyə yeni dəyişikliklər edilməsi istiqamətində də çalışırıq”.

Qeyd edək ki, hazırda qüvvədə olan Əmək pensiyaları haqqında qanuna əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qanunda kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Oxşar yazılar