“ÜST-ün məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir”.
Lent.az xəbər verir, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında yer alıb. Qeyd olunub ki, ön sıralarda Litva (hər 100 min nəfərə 31,9 intihar), Rusiya (hər 100 min nəfərə 31 intihar) və Belçika (hər 100 min nəfərə 20,7 intihar) kimi ölkələr yer alır: “Azərbaycana gəlincə, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Müqayisə üçün qonşu Gürcüstanda bu say 8,2-dir”.
Bildirilib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə apatılmasını diktə edir: “Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır.
İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun) birgə əməkdaşlığı ilə fəaliyyət göstərən (860) qaynar xəttinin xidmətlərindən istifadə etmək lazımdır”.
Qeyd olunub ki, aparılan bir çox elmi tədqiqatlara görə, hər bir belə faktın mediada yayılması, geniş müzakirə edilməsi nəticəsində intihar hallarında artım müşahidə olunur. Bu səbəbdən bəzi ölkələrdə bu barədə məlumatların - intihar edənin şəkilləri, intihar etmə vasitəsi və s. detalların KİV-də yayımlanması tövsiyə olunmur: “Məsələn, Avstriyada, İngiltərədə belə bir təcrübə var. Odur ki, mediada intihar və zorakılıq hallarının işıqlandırılmasına daha həssas yanaşılmalı, bu məsələlər daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki internet resursları, KİV həm də təbliğat vasitəsidir. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, insanların rifahı üçün bu gün bu vasitələrin pozitivə işləməsi daha faydalı ola bilər. Zorakılıq, ümidsizlik, ruh düşkünlüyü kimi mənfi halları nümayiş etdirən informasiya resurslarının, animasiya, film, serial nümunələrinin geniş surətdə təbliği sahəsində ehtiyatlı davranmaq lazımdır.
İntiharlarla mübarizə kimi məsuliyyətli iş əlaqədar dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyətinin qarşısında bir sıra vəzifələr qoyur.
İnsanların yaşadığı, təhsil aldığı və işlədiyi sahələrdə nikbin psixoloji ab-havanın yaradılması, uşaq, yeniyetmə və gənclərin maraqlarına uyğun məşğuliyyət sahələrinə yönləndirilməsi kimi tədbirlərin görülməsi insanlarda ruh yüksəkliyinə, bir-birinə inamın artmasına səbəb ola bilər.
Bir vacib məqamı da diqqətdən kənarda qoymaq olmaz. Hər intihar hadisəsindən sonra cəmiyyətdə bir çaxnaşma və ittihamlar dalğası yaranır. KİV nümayəndələri, sosial fəal insanlar bir qayda olaraq hansısa konkret şəxsi, ailə üzvlərini və yaxud rəsmi qurumları hədəfə alaraq günahkarı cəzalandırmaq barədə müzakirə aparmağa daha çox üstünlük verməklə, əsil səbəblərin , yuxarıda sadalanan problemlərin diqqətdən kənarda qalmasına “töhfə” vermiş olurlar”.
Bildirilib ki, intihar və onu doğuran səbəblər haqda ciddi araşdırmalara, təhlillərə və müsbət təcrübələrə söykənən yanaşmaların formalaşması üçün səylərin və məlumatlılığın artırılmasına ehtiyac var: “Çoxsaylı problemlər məngənəsində intiharı çıxış yolu kimi qəbul edən insanı xilas etmək üçün preventiv tədbirlərə, həssas münasibətə, xüsusilə ailə üzvlərinin, doğmaların və yaxınların diqqət və qayğısına əsaslanan addımlar atmalı, ictimai müzakirələrdə ehtiyatlı davranmalıyıq. Diqqəti həm dəyişdirilməsi mümkün olmayan ağır nəticələr haqqında , həm də və daha cox onun baş verməsinə səbəb olan stereotiplərin, bəzən adət-ənənə adı altında cəmiyyətə təqdim olunan zərərli vərdişlərin, hec bir hüquqi və mənəvi cərcivələrə sığmayan zorakı davranışların aradan qaldırılmasına yönəltmək lazımdır. Özü də bu, hər birimizin bir fərd, hamımızın bir toplum olaraq birgə görəcəyimiz bir iş olmalıdır. O zaman həyat hər kəsi bir andaca ondan imtinaya deyil, daha çox onu sevə-sevə yaşamağa ruhlandıracaq”.