Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov
03 avqust 2021 17:18 (UTC +04:00)

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov

Azərbaycanda COVİD-19-la bağlı yenidən QAPANMA OLACAQMI? - CAVAB

“Bu ilin əvvəlindən dünyada COVİD-19-a yoluxma tendensiyasına baxılsa, deyə bilərik ki, dünyadakı narahatedici problemlərdən biz də özümüzü sığortalaya bilməmişik. Dünyada yoluxmada birinci, ikinci dalğa olan zaman biz də o ağır günləri yaşamışıq”.

Bunu APA-ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.

S. Məmmədovun sözlərinə görə, bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, hələ 2020-ci ilin əvvəllərində Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, COVİD-19-la mübarizə üçün lazımi addımlar dərhal icra olunub, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınaraq mübarizə strategiyası hazırlanıb: “Prezident İlham Əliyev uzaqgörən siyasətçi kimi bəyan etmişdi ki, COVİD-19-a qarşı yalnız birgə əməkdaşlıqla qələbə qazanmaq olar. Bütün dünya da sonunda bunu qəbul etdi. Dövlət və xalqın həmrəyliyi nəticəsində Azərbaycanda epidemioloji vəziyyət digər ölkələrlə müqayisədə qənaətbəxşdir. Lakin bir neçə ay əvvəl müəyyən yumşalmalara gedərkən bildirdik ki, yoluxmada müəyyən artımların olması, yeni ştamların Azərbaycana gəlməsi qaçılmazdır. Bu gün yoluxma bir neçə yüzə çatıbsa, bu, arta da bilər. Üstünlüyümüz odur ki, artıq həkimlərimizin təcrübəsi var, tibb müəssisələrimiz koronavirusla mübarizəyə hazırdır. Azərbaycanda xəstəxanaların bir neçə mərhələli COVİD-19-la mübarizəyə cəlb olunması planı hazırlanıb. Yoluxma sayı azaldıqda müəyyən xəstəxanalar ənənəvi qaydada digər xəstəliklərin müalicəsi ilə məşğul olur. Biz yoluxmanın müəyyən həddinə qədər tibbi xidmətləri təqdim edə bilirik. Gündəlik 4 minə qədər yoluxma olan zaman da müalicə almayan insanlar yox idi”.

S. Məmmədov qeyd edib ki, bu gün dünyada koronavirusla mübarizədə yeganə yol peyvənddir: “Hazırda qonşu Rusiyada yoluxmalar artsa da belə, hər hansı qapanma həyata keçirilmir. Mən əminəm ki, Azərbaycanda da qapanmalara ehtiyac olmayacaq.

Düzdür, bəzi Avropa ölkələri qapanmalardan imtina etməyib. Beynəlxalq təcrübəyə baxsaq, bəzi ölkələr sürətlə yumşalmalara gedir, arxayınlıq yaranır, insanlar tibbi maskadan istifadə etmir. Ümumdünya Səhiyyə Təşkilatı isə bildirir ki, bu, koronavirusla mübarizəyə mənfi təsir göstərir. Digər tərəfdən, peyvəndlənmənin həyata keçirilməsi ən əsas məsələdir. Rusiya və digər ölkələr də bildirir ki, yoluxma artan zaman bunun qarşısını almağın yolu peyvənd olunmaqdır. Əgər biz əvvəllər deyirdiksə ki, yoluxma zəncirini qırmaq üçün qapanma olmalıdır, bu gün deyirik ki, yoluxma zəncirini qırmaq üçün peyvəndlənmə lazımdır ki, insanlar yoluxmasın, yoluxduğu halda belə xəstəliyi yüngül keçirsin”.

Səhiyyə komitəsinin üzvü bildirib ki, peyvəndlənmə proqramının genişləndirmək üçün müəyyən addımlar atılır: “Bura məcburedici, stimullaşdırıcı addımlar da daxildir. Çünki hər bir insanın sağlam yaşamaq hüququ var və digər insanın onu xəstəliyə yoluxdurması bir cinayətdir.

Azərbaycanda müsbət hal odur ki, vaksinasiya proqramı uğurla həyata keçirilir, əhaliyə 4 vaksin təqdim olunub. Biz Səhiyyə Nazirliyi ilə ümumi rəqəmləri müzakirə edən zaman bildirilir ki, gün ərzində 150 min nəfərə peyvənd vurulması potensialı var. Nazirlər Kabineti yanında Operativ Qərargah son qərarı ilə peyvəndlənməni bir daha stimullaşdırdı. Burada yeganə məqsəd insanların sağlamlığının maksimum dərəcədə qorunmasını təmin etməkdən ibarətdir. Azərbaycan dövləti bütün imkanlarını, resurslarını səfərbər edərək əhalinin yoluxmasının qarşısını almağa çalışır. Epidemioloji vəziyyətin getdikcə gərginləşməsi kollektiv immunitetin yaradılması istiqamətində tədbirlərin sürətləndirilməsini zərurətə çevirib. Artıq hər kəsə məlumdur ki, COVİD-19 virusunun yaratdığı pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. Mən əvvəlki çıxışlarımda bir neçə dəfə vurğulamışam ki, epidemioloji xəstəliklərdən xilas olmağın tibbə məlum olan yeganə yolu məhz peyvəndlərin tətbiqidir. Dövlətin əsas məqsədi odur ki, bu prosesi mümkün qədər qısa müddətdə, keyfiyyətlə həyata keçirməklə insanların həyatını xilas etsin. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qərarları məhz bu kontekstdən qiymətləndirmək lazımdır. Biz maksimum qısa vaxt ərzində bu prosesi uğurla yekunlaşdırmaqla həm əhalinin sağlamlığını qoruya, həm də qapanmaların tətbiq olunması zərurətini aradan qaldıra biləcəyik. Əks halda daha ciddi problemlərlə üz-üzə qala bilərik. Qapanmaların iqtisadiyyata, eyni zamanda, insanların sosial durumuna, ən əsası isə psixologiyasına hansı zərəri vurduğunu hamımız bilirik. Lakin bütün bunlardan da vacibi insan həyatıdır. Peyvənd olunan hər bir insan neçə insanın həyatını xilas edir. Məncə peyvəndlərin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarına məhz bu baxış bucağından baxılmalıdır. Ona görə də, biz bir daha həmrəylik, birlik nümayiş etdirməliyik.

Mən əminəm ki, biz vaksinasiya proqramını uğurla həyata keçirsək, heç bir qapanmaya gedilməyəcək. Əfsuslar olsun ki, artıq insanların qapalı məkanlarda da maska taxmadığını görürük. Toy şənliklərini də xüsusi qeyd etmək istəyərdim. Şadlıq saraylarının açılmasını dövlətimiz də çox istəyirdi, bu, iqtisadi baxımdan da vacib idi. Şadlıq saraylarının açılması ilə bağlı qaydaları da müəyyən etdik. Qaydalar o qədər də ağır deyil. COVİD pasportu olanlar toya gələ bilər. Amma həm sahibkarlar qoyulan qaydalardan kənara çıxır, həm də bir gündə toya gələn yüzlərlə insan COVİD pasportu olmadığı üçün geri qaytarılır. Bu, doğru yanaşma deyil. Amma ümumilikdə insanlarımızın əksəriyyəti karantin qaydalarını əməl edir və bu baxımdan dünya ölkələri ilə müqayisədə də irəlidəyik. Bəzən deyirlər ki, Avropada, bir sıra ölkələrdə karantin qaydalarına daha yaxşı əməl olunur. Elə deyil. Azərbaycanda bu məsələdə daha çox həmrəylik var. Lakin yumşalmalarla bağlı narahatedici məsələlər də çoxdur. Binaların girişində və bir qədər nəzarət olmayan yerlərdə insanlar tibi maska taxmırlar. Biz ilk gündən deyirdik ki, yeni ştamm və yoluxma rəqəmlərinin artımını gözləyirik. Çıxış yolu odur ki, vaksinasiyanın aparılmasını sürətləndirək, maska taxaq və sosial məsafəni gözləyək.

Yeri gəlmişkən, 21 iyulda Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində Baş nazir vaksinasiya ilə bağlı səyyar qrupların sayının artırılması barədə də tapşırıq verdi. Bu, Azərbaycan üçün heç də yeni təcrübə deyil. Azərbaycanda 2005-ci ildə bir neçə peyvəndlənmə kampaniyası keçirib. O zaman qızılca, məxmərək yayılmışdı. Avropada bu kampaniyanı ən uğurla keçirən ölkələrdən biri Azərbaycan idi. Ukraynada bununla bağlı böyük problemlər oldu. Azərbaycanda isə peyvəndlənmə 95 faiz idi, belə bir ölkə yox idi. Bunun səbəbi əhali arasında maarifləndirmə, həmrəylik və peyvəndlənmə məntəqələrinin düzgün seçilməsi idi.

Bu gün peyvəndlənmə məntəqələri var və gündəlik imkanımız 150 min insana peyvənd vurulmasına yetir. Biz indi vaksinasiya prosesinə stadionları, böyük zalları cəlb etmirik, səhiyyə müəssisələrinin hesabına buna nail ola bilərik. Əhali də bu istiqamətdə bizə dəstək olmalıdır. Səyyar qruplara gəlincə, 2000-ci illərdə səyyar qruplardan effektiv istifadə olunub, bu sahədə təcrübə var. Azərbaycanda insanlara 4 peyvənddən birini seçmək imkanı verilib. Bu imkanlar varsa, insanların peyvəndlənmə prosesindən kənarda qalması xoşagəlməzdir!.

S. Məmmədov bir daha vurğulayıb ki, peyvəndlənmənin sürəti artırılarsa, hər hansı qapanma olmayacaq: “Artıq sentyabrın 1-dən restoranlar və kafelərə də daxil olmaq üçün COVİD pasportu tələbi qoyulub, bunda da məqsəd peyvəndlənmənin sürətini artırmaqdadır. İctimai xadimlər, deputatlar peyvəndlənməsinin zəruriliyi ilə bağlı çağırışlar etməlidir. Cəza tədbirləri ilə müqayisədə maarifləndirmənin əhəmiyyəti daha böyükdür. Ona görə də əhalini maarifləndirmək və dövlət qurumlarını səfərbər etməyə çalışırıq. Söhbət burada məcbur etmədən getmir. Əgər hər hansı dövlət müəssisəsində insanları peyvənd olmağa çağırırlarsa, bu, ən yaxşı yoldur”.

“Məcburi peyvəndlənməyə ehtiyac yarana bilərmi” sualına cavabında S. Məmmədov xalqın Vətən müharibəsindəki həmrəyliyinə diqqət çəkib: “Mən inanıram ki, gündəlik vaksinasiyada 80-90 minə çatmışıqsa, daha yüksək səviyyəyə də çata bilərik. Həm dövlət qurumlarının birgə fəaliyyəti, həm də əhalimizin həmrəyliyi nəticəsində vaksinasiyada arzu edilən səviyyəyə gəlib çatacağıq. Sadəcə, bu, həm də mövsümlə bağlıdır, məzuniyyətlər başlayıb. Digər tərəfdən, insanlar düşündülər ki, peyvənd olunublar, daha yoluxmayacaqlar. Ən böyük səhv də budur. Biz qripə qarşı peyvənd olunurduq, qışda qripə yoluxurduq. Yaxud yoluxdun, sağaldın, yenə yoluxa bilərsən. Çünki yeni ştamm yarananda yenidən yoluxa bilərsən. Ancaq mən qripə qarşı hər haman peyvənd olunmuşam və qripə yoluxsam da, heç bir qripi ağır keçirməmişəm. Əgər peyvənd olunanlar özlərini qorusalar, yoluxmasalar və digər insanlar da özlərini qorusalar, biz zənciri qıracağıq”.

Pandemiyanın nə zaman başa çatacağını ilə bağlı isə deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının gözləntiləri peyvəndlə bağlı olub: “Elə biz də düşünürdük ki, sentyabr-oktyabr aylarında əhalinin 70-80 faizi vaksinasiya olunsa, bu bəladan qurtularıq. Ancaq yeni ştamlar Ümumdünya Səhiyyə Təşkilatını da narahat edir. Yeni ştamlar varsa, yoluxmaların da sayı artacaq.

Hər 100 ildən bir belə pandemiyalar olur. Elə pandemiya olmayıb ki, 1 il ərzində tam başa çatsın, bu, 2-3 il gedir. Sevindirici hal odur ki, Ümumdünya Səhiyyə Təşkilatı da bunu deyir ki, get-gedə virusun növbəti mutasiyası, zəifləməsi, öz-özünə yox olması gözlənilir. Pandemiya bizimlə 100 illərlə yaşamayacaq. Düşünürəm ki, ən azı gələn il də bu problemlərlə yaşayacağıq. Lakin tədricən normal həyata qayıdırıq, COVİD-19-la mübarizə aparmağa öyrəşirik. Peyvəndlənməni istədiyimiz səviyyəyə çatdırsaq, insanlarda immunitet yarandığı halda məhdudiyyətlər aradan qaldırılmaqla koronavirus normal yaşadığımız qrip kimi həyat tərzimiznə çevriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5496
avatar

Oxşar yazılar