Azərbaycanda bəy gəlini bilərək QİÇS-ə yoluxdurdu, həbsdədir – MÜSAHİBƏ 
05 aprel 2023 18:16 (UTC +04:00)

Azərbaycanda bəy gəlini bilərək QİÇS-ə yoluxdurdu, həbsdədir – MÜSAHİBƏ 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə Lent.az-a müsahibə verib. 

Onunla müsahibəni təqdim edirik:

- Səbinə xanım, hazırda ölkə üzrə qeydiyyatda olan QİÇS-ə yoluxmuş nə qədər şəxs var?

- İlk dəfə 1987-ci ildə Azərbaycanda QİÇS xəstəliyinə yoluxmuş şəxslər qeydiyyata alınıb. 1 noyabr 2022-ci il tarixində 8500 nəfər qeydiyyatdadır.

Bizim mərkəzdə qeydiyyatda olan xarici vətəndaşlar da var. Qeydiyyatda olan hər bir şəxsə tibbi xidmət verilir. Bütün müalicələr dövlət tərəfindən edilir. Onların aşkar olunma vaxtı xəstəliyin kliniki mərhələsindən asılı olaraq müalicə sxemi tətbiq olunur. Və buna “antivirus” əleyhinə müalicə deyilir. Xəstə ömrünün sonuna qədər bu müalicəni qəbul edir. 

- Bəs, bu şəxslər arasında qadınlar yoxsa kişilər üstünlük təşkil edir?

- 8 min 500 nəfərin 30% - i qadın, 70% - i isə kişidir. Haradasa, 37%-i narkotik istifadəçiləridir ki, eyni iynədən istifadə edərək yoluxublar. Bunun qarşısını almaq üçün ölkədə “Zərərin azaldılması” proqramı keçirilir. Bu tədbir bütün dünyada icra olunur. Məqsəd isə narkotik istifadəçiləri digər insanları virusa yoluxdurmaması üçün onlara təzə iynə verilir ki, onlar da köhnəni gətirib qaytarırlar.

- Bir az da QİÇS-in əlamətlərindən danışaq. İlkin əlamətləri nələrdir? Yoluxmuş şəxs bunu necə bilə bilər?

- Birincisi hər kəs İİV-in yoluxma yollarını bilməlidir. Bunun 3 yolu var: Anadan uşağa yoluxma, qan vasitəsilə və üçüncüsü isə cinsi yolla. Gəlin bu 3 yolu təhlil edək. 

Cinsi yolla – Qorunmamış cinsi əlaqə zamanı İİV-ə yoluxma ola bilər. Bu o deməkdir ki, əgər qorunma biliklərinə malikdirsə, yoluxmayacaq. 

Qan vasitəsilə - bəzi insanlar qan verəndə yoluxmaqdan qorxur. Amma artıq bizim ölkədə bu yoluxma üsulunun qarşısı alınıb. Səhiyyə nazirinin əmri ilə bir insanı yoxlamamış qan donoru olmasına icazə verilmir. Hər bir qan tədarük olunur və bu zaman 4 infeksiyaya qarşı yoxlama aparılır. Bunlardan biri də İİV-ə qarşı müayinədir. 

Bununla yanaşı, qan vasitəsilə yoluxmanın digər bir yolu var. Hər hansı bir kəsici, deşici alətin üzərində qan damlası varsa, bu yoluxmaya qadirdir. Deyə bilərəm ki, bu hal bizdə qeydiyyatda olan insanların 34-35% narkotik istifadəçilərində müəyyən olunurdu. Yəni İİV virusu olan narkotik istifadəçisinin iynəsindən başqa bir şəxs istifadə edərsə, artıq o da yoluxur. Əvvəllər bu 64-65% idi. 

Elə insanlar var ki, narkotik istifadəçiləri deyil. Amma onların da yoluxma ehtimalı var. Bu da gözəllik salonlarından asılıdır. Xanımlar gedib manikür, pedikür etdirir. Bu halda kəsici və deşici alətlərin hamısı sterilizə olunmalıdır. 

- İlkin əlamətləri dedik. Bu xəstəliyi test vermədən necə müəyyən etmək olar?

- QİÇS xəstəliyinə yoluxmağı yalnız test verməklə aşkarlaya bilərlər. Başqa heç bir yolla bu mümkün deyil. Adi insanlardan fərqli olaraq bəzi risk qrupları var ki, onlar davamlı olaraq müayinədən keçirlər. 

Onlar seks işçiləri, narkotik istifadəçiləridir ki, daimi yoxlanılır. Amma bu hal yalnız risk qrupuna aid deyil. Bizdə qeydiyyatda olan insan var ki, ailə savadlı şəxsdir. Amma yanlış davranış ucbatından İİV-ə yoluxub və müalicə alır. 

İnsan İİV-ə yoluxmuş olsa da heç bir simptomu olmadan həyatına davam edə bilər. İVV-in ilkin əlamətləri soyuqdəymə ilə eynidir. Ürəkbulanma, qızdırma, qarın getmə. Müalicə aldıqdan sonra sağalır. Təsadüfi şəkildə qan analizi verdikdə isə İİV-ə yoluxduğu ortaya çıxır. Amma bir əlamət də var ki, bu uzun müddət ishal prosesidir. Belə halda mütləq həmin şəxs yoxlanılmalıdır.

Bir hal da var ki, iki partnyorun xəstəliyini bilmədən cinsi əlaqədə olarsa, bunun da həlli var. İlk 72 saatda mərkəzimizə müraciət edirlər və post-kontakt profilaktika aparılır. Nəticədə İİV-ə yoluxma sıfıra enir.   

Mən həmişə demişəm ki, QİÇS elə bir xəstəlikdir ki, davranışından və biliyindən asılı olaraq hər kəs özünü qoruya bilər. 

- Hansı mərhələdən sonra bu xəstəliyin müalicəsi tamamilə sonlanır?

- İnsan İİV-ə yoluxubsa, onun tamamilə qandan təmizlənməsi mümkün deyil. Yəni bu xəstəliyin tamamilə aradan qaldırılmasının hələ ki, heç bir iynə, dərmanı yoxdur. Amma müalicəni qaydasında tətbiq edərək, həyatına davam edə bilərlər. 

- Hazırda qeydiyyatda olan ən yaşlı xəstənizin neçə yaşı var?

- Mərkəzimizdə 80 yaşlı kişi var ki, artıq 16-17 ildir ki, qeydiyyatdadır. Həyatına normal davam edir. 

- Anadan övlada keçməsindən söz açdınız. Hamiləlik dövründə bu xəstəliyi müəyyən etmək olurmu? 

- İİV-ə yoluxmuş qadından uşağa virusun ötürülməsinin qarşısını almaq üçün hamiləlik dövründə iki dəfə müayinədən keçməlidir. Ən əsası isə ikinci yoxlanışdır. Birinci yoxlanışda əgər test müsbət çıxırsa, həmin qan bizim mərkəzə göndərilir. Xanım qeydiyyata alınır və uşağa keçməməsi üçün ona virusla mübarizə məqsədi ilə müalicə yazılır.  

Bu test fərqli də ola bilər. Yəni, ola bilər ki, birinci testin nəticəsində mənfi olsun, amma ikincidə müsbət çıxa bilər. Bizim əsas məqsəd sağlam uşaq dünyaya gətirməkdir. 

Bununla yanaşı, ana övladı 3 yolla: hamiləlik dövründə, doğuş zamanı və südlə əmizdirdikdə İİV-ə yoluxdura bilər. Qəti şəkildə İİV testi müsbət çıxan ana övladına süd vermir. Qeyd edim ki, İİV virusunun süddə konsentrasiyası daha yüksək olur. 

- Elə bir tale varmı ki, bu xəstəlikdən bixəbər olaraq bütün ailə üzvlərini yoluxdursun? 

- Belə ailələr olur. Bizdə qeydiyyatda olan ailə var ki, ata narkotik istifadəçisidir və xanımı ilə cinsi əlaqədə ona yoluxdurub. Daha sonra xanım hamiləlik dövründə heç bir həkimə müraciət etməyib, qadın məsləhətxanasında olmayıb və nəticədə övlad İİV virusu ilə dünyaya gəlib. Bununla yanaşı, heç ana ikinci övladına hamilə olanda da yoxlanmayıb. İkinci uşağın doğuşu zamanı bu virus aşkar edilib. Amma artıq gec idi çünki bütün ailə üzvləri virusa yoluxmuşdu. Təəssüflər olsun ki, ana və ata vəfat etdi. Uşaqlar isə dövlət himayəsinə verildi. 

- Səbinə xanım, müalicə almaqdan imtina edənlər olubmu?

- Bilsəniz ki,nə qədər belə rədd cavabı verənlər var. Heç kəsi bu barədə məcbur edə bilmərik. Sadəcə bir həkim olaraq biz çalışırıq ki, razı salaq. Bu bir az psixoloji durumdan asılıdır. Elə zaman olub ki, xəstəliyə yoluxmuş insana bu xəbər veriləndə deyir ki, həmin həkim məni yoluxdurub. Yəni bu psixoloji durumla çox əlaqəlidir. Belə bir diaqnozu eşidib qəbul etmək çox çətindir. İlk başda inanmadıqları üçün özəl xəstəxanalara üz tuturlar. Amma hər kəs bilməlidir ki, İİV müsbət çıxan bütün qan təhlilləri bizim mərkəzə göndərilir. 

İlk başlarda normal həyata davam etdikləri üçün inanmır və müalicədən imtina edirlər. Amma ağırlaşandan sonra gələndə biz onlara yardım edə bilmirik. 

- Maraqlıdır, bu xəstəliyi başqasına yoluxduran şəxslərə qarşı cinayət məsuliyyəti varmı?

- Bəli, var. Bizim bu hallarla bağlı insanları maarifləndiririk. Öncə onu deyim ki, mən hər zaman gənclərə tövsiyə edirəm ki, kimlə ailə həyatı qurursunuzsa, həmin insandan bu xəstəliklə bağlı cavabı mütləq alın və özünüz oxuyun. 

Çünki belə bir halla qarşılaşmışıq. Deməli, bir xanım evlənməmişdən qabaq oğlanla ikisi test verir, yoxlanırlar. Amma qız bu testin cavabları ilə maraqlanmır. Oğlan da onda İİV virusu aşkarlanmasını gizlədir. Və nəticədə qızı virusa yoluxdurur. Xanım hüquqlarını bilən adam olduğu üçün yoldaşını məhkəməyə verdi. Hazırda həmin oğlan cinayət əməli ilə həbsxanada cəza çəkir.  

- Sizin fikrinizcə, bu xəstəlik haqqında uşaqlara maarifləndirici dərslər keçirilməlidirmi?

- Əvvəllər, bu istiqamətdə tədbirlər çox olurdu. Bizim həkimlərimizdən bir neçəsi hər gün məktəblərə gedib təlimlər keçir, yeniyetmə uşaqları maarifləndirirdi. Düşünürəm ki, bu xəstəlik haqda biliklər nə qədər erkən yaşda verilərsə, o qədər yaxşıdır. 

Bir məsələni də qeyd edim ki, bizim əməkdaşlar var ki, gecə şəhərə çıxıb risk qrupları çox olan ərazilərə gedir və istənilən adamı ekspress test üsulu ilə İİV-ə qarşı müayinə edilir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14337
avatar

Fidan İlqar

Oxşar yazılar