Qış ölkəmizə dekabrın 22-si gecə saat 01:48 qədəm qoyacaq.
Bu barədə Lent.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Belə ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ilin ən qısa gündüz və ən uzun gecəsi olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
Eyni zamanda, ölkəyə qışın gəlişi ilə Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Böyük Çillə də başlayır.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır. Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə ki, Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır.