Azərbaycan yaşasın deyə, öncə vətəndaş sonra dindar və ya kosmopolit olmalıyıq
08 avqust 2022 16:35 (UTC +04:00)

Azərbaycan yaşasın deyə, öncə vətəndaş sonra dindar və ya kosmopolit olmalıyıq

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə

Bir müddət öncə Qərb tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əldə bayraq etsə də, sonra nə baş verdisə, bilmədik, multikulturalizmi, tolerantlığı əhəmiyyətsiz saymağa başladı. Bu dönüş, təxminən 10 il öncə baş verdi və arxasınca bütün dünyada lokal dini qarşıdurmalar baş alıb getdi.

Tolerantlıq mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətlərin məhsuludur. Bəlkə dünyaya demokratiya və barış adı altında qan, işğal aparan dövlətlərə sərf etmədiyi üçün tozlu arxivlərə atmağa çalışdı bu termini. 

Azərbaycanı digər dövlətlərdən üstün edən, fərqləndirən xüsusiyyət dinindən, millətindən, düşüncələrindən asılı olmayaraq, hər kəsə hörmətlə yanaşılmasıdır.  Bu torpaqlarda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanıb, müasirləşdikcə daha gözəl çalarlar əldə edib. Azərbaycanda uzun illərdir məscidlərlə yanaşı, xristian və yəhudi dini tədris müəssisələri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.

Əhali arasında İslam dini üstün mövqe tutur (95 faiz). Amma bu digər dinlərə etiqad edənlərin əsla sıxışdırılması demək deyil, əksinə, yüksək hörmət və anlayışla qarşılanmasının nümunəsidir. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.

Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır. Bu gün Alban kilsələri ilə yanaşı pravoslav və katolik kilsələri də böyük ehtiramla qorunub saxlanılır.  Azərbaycanda xristianlığın  pravoslavlıq, katoliklik və protestantlıq qolları daha geniş yayılıb. Bununla yanaşı, çoxlu sayda müxtəlif dini sektalar da fəaliyyət göstərir. Milli birliyimizə, dövlətçiliyimizə qarşı çıxmayan heç bir dini icmanın fəaliyyətinə qarşı hansısa məhdudiyyət qoyulmur. 

Rəsmi məlumatlara görə, Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlayıb. İlk Roma-katolik prixodun yaranması 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi, Lüteranlıq  isə XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan  dini tolerantlıq ənənələrinə sadiq qalmaqla yanaşı, onları inkişaf etdirdi, beynəlxalq tədbirlərlə bütün dünyaya multukulturalizmin Azərbaycan modelini təqdim etdi.

Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna,  Beynəlxalq Bakı Forumuna ev sahibliyi edir. 

2017-ci ildə  Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans, İslam Həmrəylik Oyunları keçirildi. Azərbaycan yenə də multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqdir.

Bu günlərdə Londonda  səfirliyimizə hücum, dövlət bayrağımızın endirilməsi, dini bayraqlarla əvəz edilməsi, eləcə də məscidlərimizdə Məhərrəm ayı çərçivəsində keçirilən tədbirlərdə dövlət bayraqlarının qaldırılması barədə xəbərlər gündəmi zəbt elədi. Məlum məsələdir ki, gizli güclər xalqın dini inanclarından istifadə etməklə təxribatlar törətməyə çalışırlar. Lakin bilinməlidir ki, dindar və imanlı insanlar da ən az millətçilər və ateistlər qədər bu ölkəni sevir və qoruyur.

Mərasimdəki dövlət bayrağı fotosuna milli birlik yox, demokratiya gözü ilə də baxa bilərik. 

Demokratiya və azadlıq olan ölkədə belə olmalıdır. Dindar rahatlıqla ibadətini edib, məscidində toplaşıb, mərasimini keçirməli, qətl edilən ideallarına yas saxlamalı, buna heç bir qadağa olmamalıdır. Ateistlər bu prosesi lağ və ya qınaq elementinə çevirməməlidir. 

Ləzgilər, talışlar, ruslar, yəhudilər, hətta vətəndaşlığımız qəbul etmiş ermənilər bu ölkəni vətənləri hesab etməli və bütün vətəndaşlar kimi eyni hüquqa malik olmalıdır. Digər etnik qruplar türklərin bu ölkədə əsas söz sahibi və dövlətin dayağı olmasını qəbul etməli, türk dilində bilməli və danışmalıdır. 

Biz hamımız, yəni Azərbaycanlılar - millətçilər, kosmopolitlər, rusdillilər, Avropa tərəfdarları, solçular, yəni ölkədə var olan bütün sosial sinif və təbəqələr, istədikləri kimi həyatlarını yaşamalıdır, istədikləri məkanda toplaşmaq, mərasim keçirtmək, fikir bildirmək hüququ olmalıdır. 

Amma bir şərtlə! Bütün bu şəxsi fikir və ideyalarından öncə vətəndaşlığını etməli, dövlət quruculuğuna öz töhfəsini verməli, bir bayraq, bir himn, bir sərhəd, bir dövlət, bir xalq kimi birləşməlidir. Hakimiyyət və qanun isə müxalifətçi, millətçi, kosmopolit, dindar, ateist ayrıseçkiliyi etmədən hər kəsə bərabər davranmalıdır. Bir ölkə, bir dövlət, bir bayraq, bir xalq prinsipi ilə yaşamalıyıq və yaşayırıq.

Demokratiya siyasətdən çox insanların içindəki sosial ədalət hissidir. Və demokratiya seçkidən öncə belə qurulur, başqalarının hüququna hörmət edib, tolerant yanaşmaqla, qışqırmaqla, söyməklə, təhqir etməklə yox. Ədalətli ölkə qurmaq üçün, öncə ədalətli insan olacaqsan. Bunun başqa yolu yoxdur! 

Bu gün Aşuradır. 

Xalqın min illik etiqadı var və böyük əksəriyyəti Hüseyni sevir. Bütün İslam dünyası Hüseyni sevir. Ədalətsizliyə baş qaldıran, haqqını tələb edən, böyük bir xilafətdə arxasında cəmi 72 nəfər dursa da, ölən, amma düzgün bildiyindən vaz keçməyən bir qəhrəman kimi sevilməlidir Hüseyn, belə də təqdim olunmalıdır. Ağlaşma ilə, yazıq obrazı yaradaraq deyil.

Bizim öz Kərbəlamız var. Uğrunda könüllü qurbanlar verdiyimiz Qarabağımız var. Bu məmləkət uğrunda minlərlə oğul “Allahu Əkbər” deyərək şəhid olub. Şəhidlərimiz də ən azı Hüseyn imanında, etiqadında və qəhrəmanlığındadır. Onların içində isə hər dindən insan var.  

 Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar