Avtomobillərin texniki baxışında YENİLİK  - VİDEO
30 aprel 2022 12:40 (UTC +04:00)

Avtomobillərin texniki baxışında YENİLİK - VİDEO

Avtomobillərin texniki müayinəsində yenilik tətbiq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, artıq avtomobillərin alt işlək hissələri də xüsusi texniki vasitələrlə yoxlanılacaq.

Bildirilib ki, Texniki Müayinə Mərkəzləri Ramazan bayramı günlərində fasiləsiz fəaliyyət göstərəcəklər.

“Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. 

Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. 

Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar. Sürücülərə Ramazan bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur. Bununla bağlı Texniki Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Artıq bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı yenilik tətbiq edilir.

 Bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir. Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər”, - qeyd olunub.

# 2754
avatar

Aytəkin Cəlali

Oxşar yazılar