Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Tibb Universitetində də soyqırımla bağlı tədbir keçirilib.
Bu barədə Lent.az-a universitetdən bildirilib.
Tədbiri açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Xocalı soyqırımını dünyada baş verən ən qəddar və amansız terror hadisələrindən biri kimi qiymətləndirib: “Bu gün biz Azərbaycan xalqının faciələrindən birini anmağa yığışmışıq. Ölkəmizin hər yerində olduğu kimi universitetimizdə Xocalı faciəsini xalqımızın hüzn günü olaraq qeyd etməsi artıq bir tarixi ənənəyə çevrilib. Lakin ötən illərdən fərqli olaraq artıq iki ildir ki, biz bu və bu kimi tarixi faciələrimizi yeni və başqa formatda qeyd edirik. Çünki belə toplantıya tələbələrin qatılması çox əhəmiyyətlidir. Çünki dövrümüzdə baş verən bütün hadisələri bizim nəsil bilir. Lakin biz də bu qanlı tariximizi müxtəlif təbliğat vasitələrindən istifadə etməklə gənc nəslin qan yaddaşına həkk etməliyik.
Tariximizə nəzər yetirdikdə görürük ki, Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları bəlkə də heç bir xalq yaşamayıb. Bütövlükdə xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində az-az olan bir vəhşilik aktıdır. Xocalı soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ona görə də biz Xocalı soyqırımının əsas mahiyyətini gənclərə aşılamalıyıq. Bu faciədə düşmənlərimizin əsas məqsədi xalqımızı sındırmaq olsa da lakin gün gəldi və dünyada görünməmiş bir fədakarlıqla igid oğulların sayəsində qədim torpaqlarımızı qaytara bildik.”
Sözünə davam edən rektor bildirib ki, dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır: “Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq Xocalı faciəsinin erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi adlandırmışdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Bu gün biz fəxrlə deyə bilərik ki, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Bir daha qeyd etmək istəyirəm ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib gələrək düşmən üzərində zəfər çaldı. Ordumuz bu qələbəyə nail olmaqla, həm də Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.”
Sonra tədbir iştirakçıları Xocalı faciəsində vəfat etmiş insanların və günlərdə qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirmiş insanların ruhları bir dəqiqəlik sükutla anıldıqdan sonra, tədbir öz işinə davam edib.
Bundan sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub. Filimdə erməni millətçiləri tərəfindən Xocalıda xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhnəsi əks olunub. Belə ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər.
Rəsmi məlumatlarda göstərilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər vəhşiliklə, amansızcasına qətlə yetirilib. Onların arasında 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq 70 nəfər qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil. 1000 nəfərdən artıq müxtəlif yaşlı sakin aldığı güllə və qəlpə yaralarından əlil olub.
Toplantıda çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov Xocalı soyqırımının tarixindən söz açdı, dinc insanların erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirildiklərindən danışıb: “Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Faciə zamanı 1275 nəfər dinc sakinin girov götürülüb və onların indi də 150-nin taleyi məlum deyil. Cənab Prezidentimiz İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir.”
Bu faciənin bir sıra dövlətlər tərəfindən də tanındığını deyən Q. İsmayılov Vətənin müdafiəsində tələbələrimizin də fəal iştirak etdiyini xatırladıb: “Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında universitetimizin məzunu olmuş tele-jurnalist Çingiz Mustafayevin də xidmətini xüsusi olaraq qeyd edirəm və şanlı ordumuzun qazandığı zəfərdə məzun və tələbələrimizin də payı bu gün olduğunu fəxarətlə deyirəm.
Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq və əsl həqiqətlərin bundan sonra da beynəlxalq ictimaiyyətə çatdırılmasında gəncliyin üzərinə böyük məsuliyyət düşür”.
Tədbirin sonunda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində təşkil edilən teatrın bir qrup tələbəsinin Xocalı soyqırımına dair hazırladığı səhnəcik nümayiş olunub. Teatrın ssenaristi II MPF 5-ci kurs tələbəsi Dilbər Rəhimin rəhbərliyi altında ərsəyə gələn bu kiçik səhnəcikdə rol alan tələbələrdən I MPF- 4-cü kurs Şəfa Qarayevanın, I MPF-5-ci kurs, Elbəy Cabbarlının, İSF 3-cü Samirə Heydərovanın, İSF- 2- ci kurs Aytac Vəliyevanın və İSF 2-ci kurs Mürsəl Məmmədovun ustalıqla ifa etdikləri çıxışlar iştirakçıların böyük marağına səbəb olub və tamaşaçını bir daha yaddaşlardan silinməyən o qanlı tariximizə səsləyib.