Anaya edilən ZÜLM:  “Qocalar evi”, yoxsa doğmaların işgəncəsi... Hansı yaxşıdır?
23 sentyabr 2022 16:30 (UTC +04:00)

Anaya edilən ZÜLM: “Qocalar evi”, yoxsa doğmaların işgəncəsi... Hansı yaxşıdır?

Azərbaycanda Şərabanu adlı 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsinə dair görüntülər yayılıb. 

Lent.az hadisəni ictimailəşdirdikdən sonra polis işə qarışdı və ananın oğlu polisə çağırıldı. Polisdə ifadə verib çıxan oğul Lent.az-a açıqlama da verdi. Amma... Amma üzrü günahından betər. Deyib xanımım başqa şəhərdə yaşayan bacıma acıq vermək üçün çəkib bunu.

Videolardan aydın görünür ki, çəkiliş zamanı oğul da evdə olub. Yaxşı, bunu edən gəlinin başı xarab olmuşdu, bəs ay oğul, sənin vicdanını hansı it yemişdi, harda salıb itirmişdin? Gərək nə qədər vəhşi, nə qədər manyak düşüncə sahibi olasan ki, yaşlı bir insana zülm edəsən, o zülmdən zövq alasan, üstəlik bunu video çəkib, biabır etməklə hirsini soyudasan. Heç söz yox ki, biabır olan 90 yaşındakı ahıl ana deyil, bunu edən vəhşi düşüncəli oğlu və gəlinidir. Etiraf edək. İnsan görünüşündə vəhşi heyvandan daha vəhşi olan çoxları gəzir aramızda.

Anaya, qayınanaya baxa bilmirsən, ya adam tut baxsın. Pulun yoxdur, dövlətin açdığı müəssisələr var, apar yerləşdir qocalar evinə, o da rahat olsun, sən də... Qocalar evinə yerləşdirmirlər ki, “qohum-qardaş nə deyər?”, amma evdə etdiklərini nə Allah götürər, nə İblisin qəlbi buna dayanar.

Cənnət anaların ayağı altındadır demişdilər. O cənnətdən üstün qadını beləcə yerlərdə süründürmək, işgəncə vermək, əziyyət etmək nə dinə sığar, nə imana. Göydən başımıza daş yağsa yeri var.

“Qocalar evi” anlayışı Azərbaycanda hər zaman yanlış anlaşıldı. Xaricdə qocalar evinə yerləşdirilmək yaşlı insanlar üçün lüks hesab olunur. Çünki insan yaşlandıqca hövsələsiz olur, səbirsizləşir, iş, hərəkət, aydın düşünmək qabiliyyətini itirir, belə vəziyyətdə ona puluyla xidmət edən personalın olması daha rahat ola bilər. Öz həmyaşıdları ilə zaman keçirər, sakitlik istəyədə bunu əldə edər və s.

 Bizdə qocaları qocalar evinə göndərmək böyük ayıb sayılır. Bəs belə işgəncə etmək ayıb deyilmi? Çox qocalarımıza övladları sadəcə pensiya kartı kimi baxır. Kartını əlindən alıb ailə büdcəsinə qatır, o da bir boşqab yeməklə kifayətlənməli olur. Ömrü boyu işləyib, bütün ömrünü ailəyə həsr etmiş qoca son günlərində ən zəruri ehtiyacları üçün ayrılmış vəsaitə sahib çıxa bilmir. Bu vəsait onun iynə dərman puludur, amma qoca ağrıyanda “əşşi yaşlılıqdandır, keçər” deyib pensiyanı uşaqların məktəb puluna, krossovakaya, cins şalvara daha nə bilim hansı ehtiyaclara xərcləyirlər.

Ailə bağlarının olması gözəldir, amma bəzi şeylər var ki, çürüyübsə, əziyyət verirsə ondan qopmağın, əl çəkməyin vaxtıdır demək. Bəzi insanlar sadəcə ailə içində doğru yaşamağı bacarmırlar. Məcbur etməklə deyil. Qəbul etmək lazım gəlir. Hamı öz borcunu yaxşı yerinə yetirə bilmir. Bunun üçün də dövlətin əlaqədar müəssisələri var. 

Mentalitet deyib bərk-bərk sarıldığımız o şey hər nədirsə, o hər işimizə burun soxub, verəcəyi reaksiyadan çox qorxduğumuz “el-aləm” kimdirsə axırımıza çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar