Hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.
Bu barədə Sabunçu Tibb Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.
"İyunun 27-də saat 00:40-da 41 yaşlı hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, iyunun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub. Azyaşlı sentyabrın 10-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib".