Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər mətbuatda və sosial şəbəkələrdə hakim Abiddin Hüseynovun diplomunun saxta olması barədə yayılmış iddialarla bağlı açıqlama verib.
Lent.az xəbər verir ki, Ali Məhkəmə deputat Etibar Əliyevin 2022-ci il dekabrın 23-də parlamentin iclasında səsləndirdiyi, daha sonra bununla bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış fikirləri təkzib edib.
Bildirilib ki, Ali Məhkəmənin hakimi Hüseynov Abiddin Qabil oğlu ilk ali təhsilini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda alıb, 1997-ci ildə həmin İnstitutun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Məlumatda qeyd olunub ki, 2000-ci ilin yanvar ayında iş fəaliyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq məsələləri şöbəsində başlayaraq, həmin il ikinci ali təhsil üzrə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olub.
2002-ci ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının Hüquqşünaslıq fakültəsinə köçürülüb və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirib. 2003-cü il noyabrın 28-də ona Rusiya Federasiyasının vahid dövlət nümunəli “ВСБ 0640474” nömrəli diplomu verilib.
Rəsmi açıqlamada deyilir: "Həmin diplom 2008-ci ildə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qayadaları”na əsasən Təhsil Nazirliyi tərəfindən tanınaraq, müvafiq olaraq Azərbaycan Respublikasında Hüquqşünaslıq ixtisasının Hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyi və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququna dair şəhadətnamələr verilib (şəhadətnamələrin surətləri əlavə edilir).
Kütləvi informasiya vasitələrində hakim A.Hüseynovun ali təhsil diplomunun surəti kimi təqdim edilmiş sənəd, əslində “Yujdağ” İnstitutundan Rusiya Hüquq Akademiyasına köçürülərkən institut tərəfindən verilmiş akademik arayışın surətidir. Həmin arayışda müvafiq ixtisas üçün əyani təhsil forması üzrə normativ dövrün 5 il olduğu ümumən qeyd edilsə də, konkret olaraq Abiddin Hüseynovun əyani təhsil alması ilə bağlı hər hansı məlumat, qeyd əks olunmayıb.
Həmçinin, Rusiya Hüquq Akademiyasının yuxarıda istinad edilən diplomuna əlavədə də A.Hüseynovun həm “Yüjdağ” İnstitutunda, həm də sonradan köçürüldüyü Rusiya Hüquq Akademiyasında qiyabi təhsil aldığı göstərilib.
Qeyd olunmalıdır ki, Ali Məhkəmənin digər hakimləri kimi Mülki kollegiyanın hakimi A.Hüseynov da yüksək ixtisasa və zəruri peşəkarlığa malikdir. O, 2000-2010-cu illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, o cümlədən, şöbə müdirinin müavini, 2010-2013-cü illərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi vəzifələrində çalışıb və Milli Məclisin 2020-ci ilin 5 may tarixli qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsinə təyinat alıb.
O, Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi qrupunun üzvüdür, habelə 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir.
Xüsusi olaraq vurğulanmalıdır ki, hakimlərin fəaliyyətinə kənar müdaxilə qanunla qadağan edilib və Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması istiqamətində öz səylərini davam etdirəcəkdir.
Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur”.