Ağardılmış, par-par parıldayan düyülər – Bazarda nə baş verir? 
26 may 2023 15:04 (UTC +04:00)

Ağardılmış, par-par parıldayan düyülər – Bazarda nə baş verir? 

Azərbaycan mətbəxində düyüdən çox istifadə olunur. Xüsusən də bayram və mərasimlərdə hər kəsin üz tutduğu, süfrələrin şahı sayılan plovdur.

Hazırda ölkə bazarında həm yerli, həm də İran, Hindistan, Pakistan və digər ölkələrdən gətirilmiş düyülər satılır. Bəzən xarici ölkələrdən gətirilən düyülərin saxta olduğu, onların plastik qatqılı un məhsullarından hazırlandığı barədə informasiyalar yayılır.

Bəzi alıcılar Pakistan, Hindistan düyüsü adı altında Çindən gətirilən saxta düyülərin bazara çıxarıldığını iddia edirlər. Lakin bu cür tərəddüdlər də əsassız deyil, çünki Çində müxtəlif qidaların saxtası hazırlandığı artıq hər kəsə məlumdur.

Maraqlıdır, Azərbaycanda saxta düyülərin satışı var?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkəmizdə süni düyü heç vaxt olmayıb: 

“Süni düyünün və yaxud plastmas düyünün ölkədə mövcudluğu barədə illər boyu Azad İstehlakçılar Birliyinə daim telefon zəngləri gəlir. Biz öz ictimai çıxışlarımızda dəfələrlə demişik. Dünyada belə bir texnologiya mövcud olsa da, Azərbaycanda süni düyü və yaxud plastmas düyü deyilən bir şey yoxdur. Azərbaycana belə bir mal gətirilmir. 

Belə bir informasiyanın mövcudluğunun səbəbi odur ki, bəzən qadınlar düyünü düzgün dəmləyə bilmir. Sonra da düyünün saxtalığından, süniliyindən şübhələnirlər. 

İllər boyu insanlar müəyyən düyü növü bişirməyə öyrəniblər. İndi azad bazar iqtisadiyyatı olduğu üçün çoxlu növ düyülər daxil olur. Hər düyünün özünə uyğun dəmlənmə temperaturu var. Kişi alıbsa, qadının üstə yıxmağa, qadın alıbsa, kişinin üstə yıxmağa çalışır ki, sən süni düyü almısan. Belə bir anlayış Azərbaycanda yoxdur”. 

Sədr ağ düyülərin alınmamasını tövsiyə edib:

“Əhalini çağırıram ki, əsasən yerli düyülərə üstünlük versinlər. Tam ağardılmış, par-par parıldayan düyülər qida dəyəri azdır. O düyülərə az üstünlük versinlər. Düyü nə qədər az emal olunubsa, parıldamırsa, o qədər qidalıdır. Belə düyülərə üstünlük versinlər”. 

E.Hüseynov süni düyü ilə yumurta gətirənə 100 manat verəcəyini açıqlayıb:

“Və mən dəfələrlə demişəm, süni yumurtanı, süni düyünü Azad İstehlakçılar Birliyinə gətirən adama mən 100 manat hədiyyə verəcəm. Buyurub gətirsinlər. Şübhələri olan zaman 1003 qaynar telefon xəttinə məlumat vermələrini tövsiyə edirəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Fidan İlqar

Oxşar yazılar