Natiq Cəfərli
19 fevral 2021 18:39 (UTC +04:00)

Natiq Cəfərli

ABŞ-da piti, Fransada “le-qaqaş” söhbəti - “Bir dəfə uzaqlarda”

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” rubrikasında tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir.

Rubrikanın bugünkü qonağı  “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərlidir.

- Xarici səfərlərdə tez-tez maraqlı, qəribə, yaddaqalan hadisələr olur. 

2009-cu ildə Vaşinqtonda səfərdə idim, görüşlərin birinə tələsirdim, çox güclü yağış yağırdı, taksi tapmaq mümükün deyildi. Elə bir vəziyyət yarandı ki, eyni taksiyə mən və bir yaşlı kişi eyni anda yaxınlaşdıq və bir-birimizə güzəşt etmək istəmirdik.

Sonra qərara gəldik ki, ikimiz də əyləşək, hərə öz gediş pulunu versin. Arxa oturacaqda oturduq, yaşlı kişi soruşdu ki, hardansan? Dedim, Azərbaycandan.

Öz-özümə fikirləşdim ki, yenə tanımayacaqlar, gərək izah edim ki, Azərbaycan harda yerləşir. Amma tam tərsi oldu – kişi sevindi, “hə, tanıyıram, əla yerdi, gözəl yeməkləri var, məsələn, piti”.

Mənə çox təəccüblü gəldi. Məlum oldu ki, bir neçə il əvvəl Azərbaycanda olub, Şəkiyə gedib və orada piti yeyibmiş.

***

- 2011-ci ildə Fransada səfərdəyik. Restorana getdik, ofisiant ingiliscə, biz də fransızca bilmirik. Ofisiantı çağırırıq, heç fikir də vermir. Birdən mən uca səslə fransız üslubuna uyğun, “le-qaqaş” deyə səsləndim.

Həmən yaxınlaşdı, Azərbaycanca fransız ləhcəsinə uyğun bütün sifarişləri verdim. Buna xeyli gülmüşdük.

***

- 2012-ci ildə İspaniyada da bənzər hadisə oldu: Kafeyə yemək yeməyə getdik. Ofisiant ingiliscə bilmir, biz də ispanca, amma öz aramızda danışanda dostlardan biri söyüş söydü – ofisiant, “nöş söyürsən ala”, - dedi.

Sən demə, artıq 7 il Toledoda yaşayan, Yasamalda böyüyən azərbaycanlı imiş. Xeyli söhbətləşdik, sonda nə qədər etdik, hesabı almadı.

***

- 2017-ci ildə İzmirdə səfərdə idim. Konfrans zamanı bir türkiyəli ekspertlə danışdım. Dedi ki, abi, mən bir neçə dəfə Bakıda olmuşam, bir şeyi anlaya bilmirəm – necə olur ki, sizdə orta aylıq maaş cəmi 300 dollardı, amma Bakıda çox bahalı maşınlar var.

Gülə-gülə dedim ki, bu suala cavab tapana iqtisadiyyat üzrə Nobel mükafatı verəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Nigar Adil

Oxşar yazılar