Qobustanda siçan dərmanından zəhərləndiyi ehtimal olunan ailənin evə nə vaxt buraxılacağı hələ məlum deyil.
Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.
Həkimin sözlərinə görə, xəstələrin vəziyyəti stabildir: “Onların nədən zəhərləndiyi hələ ki məlum deyil. İstifadə etdikləri undan götürülən analizin cavabı bilindikdən sonra vəziyyətə uyğun olaraq evə buraxılacaqlar”.
A.Maqsudov onu da əlavə edib ki, indi əhali siçan dərmanından çox istifadə etmir: “Siçan dərmanından az istifadə olunur. Ona görə də il ərzində bu dərmandan zəhərlənmə ilə bağlı 10-a qədər müraciət olur. Siçan dərmanından ölüm halı baş verməsə də, insanda qanaxma yaradır, fəsadlara yol açır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
Rayon sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Zəhərlənən şəxslərdən biri-nənə dünyasını dəyişib. Həkimlər onun zəhərlənmədən deyil, beyninə qan sızmasından öldüyünü açıqlayıb.