“Bu həftə ölkə təhsilinin yeni formada təşkili üçün hesabat dövrü başlayıb”.
Lent.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsəsdov deyib: “Açığı deyim ki, bir az narahatlıq var idi. Universitetlərin online dərslərinin keçirilməsi 80-90 faiz təmin olunsa da, imtahanların keçirilməsi çətin proses idi. Artıq 3 gündür ki, ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bakı Dövlət Universitetinin onlayn imtahan prosesini izlədim, 3 gün ərzində monitorinq apardım. Nəticələr 100 faiz. Tələbələrin 98 faizi onlayn imtahana qoşuldu və demək olar ki, kəsilən olmadı. İmtahanda iştirak edən tələbələrin hamısı nəticələrdən razı qaldı”.
Dövlət İmtahan Mərkəzinin 9 və 11 ci siniflər üçün bu gün keçirdiyi buraxılış imtahanları ilə bağlı fikirlərini bildirən ekspert, bir neçə məktəbdə imtahanların təşkil edilməsini yaxından izlədiyini deyib: “Hər şey yaxşı təşkil edilmişdi. Artıq ölkə təhsili yeni formada təhsilin həm təşkilinə, həm də imtahan prosesinin təşkilinə tam hazırdır”.