Koronavirus təhlükəsinin qarşısını almaq üçün tətbiq olunan karantin rejimində əhaliyə verilməsi nəzərdə tutulan yardımlar aylıq nəzərdə tutulur.
Bunu Lent.az-a açıqlamasında deputat Vüqar Bayramlı deyib. O bildirib ki, karantin müddəti uzanacağı halda yardımların verilmə müddəti də artırılacaq: "Azərbaycanda karantin rejimi artıq xeyli vaxtdır tətbiq edilir. Sadəcə olaraq karantin rejiminin şərtləri son 20 gün üçün daha da sərtləşdirilib. Bütün bunlar insanların sağlamlığı üçün nəzərdə tutulub. Bu müddət uzandıqca, eyni zamanda İqtisadiyyat Nazirliyinin müəyyənləşdirdiyi 20 sahədə fəaliyyətlər bərpa olunmazsa və həmin sahələrdə çalışanlar öz işlərini bərpa edə bilməsələrsə, o halda yenə yardımların davam edəcəyi gözlənilir. Yardımlar işsizlərə şamil olunur. Həmin iş yerlərinin bərpası insanların geri qayıtmasına şərait yarada bilər".
Müsahibimiz qeyd edib ki, aprel ayından sonra, xüsusilə may ayında koronavirusun təsirləri aktiv olarsa və sektorlarda fəaliyyətlərin bərpası mümkün olmazsa, o halda yardımların davam etməsi və gələcək ayda da ödənilməsi mümkündür: "Xidmətverici ictimai iaşə sektorunda xidmətlər bərpa olunsa, yardımlar ancaq aprel ayında veriləcək. Karantin rejiminin may ayında da davam edəcəyi təqdirdə yardımlar olacaq. Ödənişlərin hansı ayları və neçə dəfə həyata keçirilməsi birbaşa karantin rejimindən asılı olacaq. Ümüd edək ki, may ayında karantin olmayacaq. Fəaliyyətini dayandıran sektorların fəaliyyətini bərpa etməsi, eyni zamanda Azərbaycanda iqtisadi fəallığın daha qısa zamanda bərpası baxımından da vacibdir".