Düz 100 il bundan əvvəl, bəlkə də elə bu saatlarda Bakıdan bir neçə kilometr aralıda yerləşən Nargin adasına Azərbaycan ordusunun 12 generalını, 27 polkovnikini, 46 kapitan, 148 praporşik və podporuçik və 266 digər rütbəli hərbi qulluqçusunu gətirilər. Az keçmiş, onlar heç bir sorğu-sual olunmadan güllələnir. Bu cinayət uzun illər, sovetlər dağılanadək Azərbaycan xalqından gizlədilmişdi. SSRİ-nin süqutu ərəfəsində arxivlər açılanda məlum olmuşdu güllələnən həmin generalların adları. Onlardan biri də İbrahim ağa Usubov idi.
Əslən qazaxlıydı İbrahim ağa. 1875-ci il mayın 6-da Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdu. Atası Musa Molla Yusif oğlu çar ordusunun praporşiki idi. Çar birinci Nikolayın fərmanı ilə yaradılmış Əlahiddə Qafqaz Ordusunun tərkibində dağlılara qarşı müharibədə iştirak etmişdi. Təqaüdə çıxanda göstərdiyi şücaətlərə görə bir neçə ordenlə təltif olunmuşdu. O, xüsusi təqaüdlə - illik 97 rubl 50 qəpik maaşla təmin edilmişdi. Yəni ordu, hərb İbrahim üçün doğma məqamlar idi.
Atası onu Tiflis Kadet Korpusuna oxumağa göndərmişdi. 19 yaşında artıq podporuçik Usubov 122-ci Tambov piyada polkuna xidmətə göndərilir. Qısa müddətdə Ali Atıcılıq Məktəbini də uğurla bitirir və elə xidmət etdiyi polkun tərkibində rus-yapon müharibəsinə göndərilir. Yaponlarla qarşı döyüşlərdə göstərdiyi xidmətlərə görə 30 yaşlı İbrahim ağa Usubov “Müqəddəs Anna”, “Müqəddəs Vladimir” və “Müqəddəs Stanislav” ordenlərinə layiq görülür. 1905-ci il avqustun 7-də isə kapitan rütbəsi alır.
Birinci Dünya müharibəsinə elə Tambov polkunun tərkibində, bu dəfə batalyon komandiri kimi yollanır. Mizinets uğrunda döyüşlərdə Avstriya ordusunun hissələrini üç dəfə geri çəkilməyə məcbur edir. Bu qəhrəmanlığına görə podpolkovnik rütbəsinə layiq görülür. Peremışl qalası uğrunda döyüşlərdə onun batalyonu elə bir qəhrəmanlıq göstərir ki, bu dəfə “Müqəddəs Georgi” ordeyn ilə bərabər polkovnik rütbəsi ilə də təltif edilir.
Həmin vaxt “Kaspi” qəzetində Ceyhun Hacıbəyli yazırdı:
“122-ci Tambov alayının zabiti, üçüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır. 1914-cü il oktyabrın 14-də Mizinets kəndi ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoruyub saxlamışdır. Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş və Peremışl qalasından düşməni vurub çıxarmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il aprelin 19-da “Müqəddəs Georgi” ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. 1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbrahim ağa Usubova general-mayor rütbəsi verilmişdir”.
***
Birinci dünya müharibəsinin yekunu dünyanın siyasi xəritəsini dəyişmişdi. Bir neçə imperiya dağılmış, yeni dövlətlər yaranmışdı. Həmin vaxt yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran ən böyük problemlərdən biri də ordu quruculuğu idi. 1918-ci ilin iyun ayında İbrahim ağa Usubovu Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət edirlər. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan ordusunun təşkilinə başlayır. 1919-cu il yanvarın 9-da hökumət, Usubovu hərbiyyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin edir.
İbrahim ağa bir neçə dildə - ingilis, rus, fransız, alman və polyak dillərində sərbəst danışa bilirdi. Xüsusi diplomatik qabiliyyəti var idi. 1919-cu ildə ADR hökuməti onu Azərbaycan ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam edir. General Usubov Genuya, Milan, Triento, Turin və Veronada olur. İtaliya ordusunun ən ali şəxsləriylə görüşür. Amma bu danışıqlar o qədər də uğurla nəticələnmir. Usubov Milandan Bakıya vurduğu teleqramda yazırdı: “Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir. O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm”.
İtaliyadan qayıtdıqdan sonra general Usubova çox məsuliyyətli vəzifə verilir. Bolşevik təhlükəsinin günü-gündən artdığını hiss edən ADR hökuməti general Usubovu Bakı qarnizonunun komandiri təyin edir və şəhərin müdafiəsinin möhkəmləndirilməsini ona tapşırır.
Amma artıq gec idi. Qırmızı ordu Azərbaycan sərhədini keçib üzü Bakıya doğru irəliləyərdi. Hə, Bakı demək olar ki, müqavimət göstərmədi. Şəhər qısa zamanda təslim olmaq məcburiyyətində qaldı…
Bu yerdə bir qədər geri qayıdaq. İbrahim ağa 1910-cu ildə Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurmuşdu. Yeri gəlmişkən, İbrahim ağa general Şıxlinskinin bacanağı olub. Sonradan elə həmin Gövhər xanım deyəcəkdi: “1920-ci ilin aprelində XI ordu gəldi. Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, İbrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Amma az sonra onların hamısı həbs edildi. Həbs olunan zaman Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov eyni kamerada olublar. Onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatır və onlar xilas edilirlər. Avqustun 1-də Şıxlinski və Mehmandarov Moskvaya göndərilir”.
Bu yerdə bir müəmmanı qeyd etmək məcburiyyətindəyik. Həmin ərəfədə ya İbrahim ağa Nərimanova müraciət etməyib. Ya da onun məktubu doktora çatmayıb. Hər halda, böyük ehtimalla, onun da xilası mümkün olardı.
Çox təəssüflər olsun ki, ölümündən sonra İbrahim ağa Usubovla bağlı çox az məlumatlar qalıb. Amma Rusiya, xüsusən Tambovdakı arxivlərdə Usubovla sənədlər və fotolar olmamış deyil.
***
Generalın 3 övladı olub. Qızları Sürəyya və Nigar, oğlu İsmayıl. İsmayıl 1940-cı ildə naməlum şəkildə həlak olur. 1914-cü il təvəllüdlü kiçik qızı Nigar isə bütün fəaliyyəti boyu bir çox ifaçılar yetişdirməklə yüksək professional pianoçuluq məktəbi yaratmışdı. Onun tələbələri sırasında xalq şairi, dramaturq Vaqif Səmədoğlu, xalq artisti, professorlar Yeganə Axundova, İrina Nəcəfəliyeva, Zemfira Şəfiyeva, Firəngiz Hacıyeva, Elmira Musayeva və digərləri var. Nigar xanım Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru idi, əməkdar incəsənət xadimi, professor iki dəfə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdu. 1995-ci ildə dünyasını dəyişib.
O biri qızı Sürəyya isə... Bax, onun da taleyi müəmma olaraq qalır...