Son günlər koronavirusa yoluxanların sayının artması əhali arasında təşviş yaradıb. Test olunmaq istəyənlərin sayı da artıb. Bundan başqa yoluxma əlamətləri olanların test nəticələri gəlməlidir ki, xəstəxanaya yerləşdirilə bilsinlər. Çox zaman xəstə yaxınlarının bu prosesləri keçməyə səbri çatmır. Təəssüf ki, bəzən xəstələrin vəziyyəti ağırlaşır, amma test nəticələri olmadığından xəstəxanlara yerləşdirilməsində problemlər yaranır. Redaksiyamıza edilən müraciətlərdən məlum olur ki, xəstələrini Bakıda yerləşdirə bilməyənlər də var.
Ləman Musayeva adlı xanım Lent.az-a bildirib ki, koronavirusa yoluxan övladlarını Bakıda xəstəxanalara yerləşdirə bilməyib. Növbə olduğu üçün Sabirabadda yerləşdirilib.
Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Lent.az-a bildirib ki, xəstəxanalarda yerlə bağlı problem yoxdur: “Modul tipli xəstəxanalar da işə başlayıb. Xəstələrin xəstəxanaya aparılması ağırlıq dərəcəsinə görə təyin olunur. Xəstənin vəziyyətini həkimlər müəyyənləşdirir və ağırlıq dərəcəsinə görə növbə ilə xəstəxanaya yerləşdirilir”.
R.Əliyeva testin nə zaman aparılması məsələsinə də bir daha aydınlıq gətirib və bildirib ki, proses ancaq əlamətlər olduğu halda həyata keçirilir.