“Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunacağı iyunun 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi postlarla bərabər, mobil postlar da fəaliyyət göstərəcək”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, icazəsi olan şəxslərdən başqa, digər şəxslər evlərini tərk etməsinlər: “Dəfndə iştirak edəcək şəxslər “102” xidmətindən icazə aldıqdan sonra şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edə bilərlər. Digər rayonlarda yaşayan sakinlər sərt karantin rejimi tətbiq olunmuş rayonun ərazisindən sərbəst keçə bilərlər. Ancaq sərt karantin rejimi tətbiq olunan rayonda hansısa yaşayış məntəqəsinə daxil ola bilməz, başqa torpaq yola girə bilməzlər. Bu halda cərimələnəcəklər”.
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının mərkəzində və kəndlərində sərt karantin rejimi tətbiq olunacaq: “Yevlax, Salyan və Kürdəmirdə respublika əhəmiyyətli yollar şəhərlərin yanından keçir. İsmayıllıda isə yollar şəhərin içərisindən keçir. Lakin pəncərədən baxan insanlar düşünməsin ki, nəqliyyat vasitələri keçirsə, onlar da çölə çıxa bilərlər. O ərazidən keçən avtomobillər İsmayıllı şəhərində saxlaya da bilməzlər”.
Şəxsi maşını olanlar dəfndə iştirak etmək üçün bunu etməlidir - DYP
2266