Ölkəni və bütün dünyanı öz təsiri altına almış koronavirus (COVID-19) pandemiyası son günlərdə daha böyük təhlükə yaratmaqdadır. Azərbaycan Prezidentinin bu sahədə atdığı adekvat addımlar və bununla bağlı hökumətin qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti hazırkı vaxtadək nəzarət altında saxlamaq mümkün olub. Amma vətəndaşların əksəriyyətinin son günlər karantin rejimi qaydalarına əməl etmədiyinə görə, bu virusa yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaranıb. Nəticədə obyektiv səbəbdən dünən karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alındı.
Əslində, yoluxanların sayı, karantin rejiminin sərtləşdirilməsi indi demək olar ki, bütün ölkələrdə yaşanır. Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini avqustun 1-ə kimi uzatması isə Azərbaycan vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Məlumdur ki, pandemiya başladığı ilk zamanlarda cənab Prezidentin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində həm epidemiyaya yoluxma halları nəzarət altına alındı, həm də əhalinin sosial təminatı istiqamətində ciddi uğurlu addımlar atıldı. Azərbaycan iqtidar-xalq birliyi nəticəsində dünyada koronavirusa qarşı mübarizə aparan ən nümunəvi ölkələrdən biri oldu. Azərbaycan təcrübəsi digər ölkələrdə istifadə olunmağa başladı. Bunun nəticəsi olaraq mayın əvvəlindən etibarən ölkədə karantin rejimi yumşaldılmağa başlanıldı. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozaraq, ona riayət etmədi. Bundan sonra vəziyyət yenidən mənfiyə doğru getməyə başladı.
Məcburi formada vətəndaşlarımızın sağlamlığının müdafiəsini təmin etmək üçün qaydaları sərtləşdirmək yolu isə mütləq seçilməliydi. İndi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olmalıyıq.
Hamı bilməlidir ki, hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. O baxımdan da hökumətin karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı xalqımızın sağlamlığının təminatı cəhətdən mühüm və zəruri addımdır.
Azərbaycan insanlarından isə tələb olunan o qədər də çox deyil. Məsələn, həkim-ekspert Rasif Bağırovun dediyinə görə, insanlar çölə çıxarkən maskadan istifadə etmir, məsafə saxlamırlar, müəyyən gigiyenik qaydalara əməl olunmur. Bunların hamısı yoluxmaların sayının artmasına səbəb olur. İnsanlar zərurət olmadan evdən çıxmamalı, yəni sosial izolyasiya qaydalarına əməl olunmalıdır.
“İkincisi, çölə çıxarkən mütləq maska taxılmalı, əhalinin sıx olduğu yerlərə getməkdən çəkinilməlidir. Bu infeksiya hava-damcı yolu ilə yayıldığına görə əhalinin daha sıx olduğu yerlərdə yoluxma risqi daha çoxdur. Əhali mütləq maskadan istifadə etməlidir. Yaxşı olar ki, N95 maskalardan istifadə edilsin, gigiyena qaydalarına riayət olunsun”.
Ekspertin fikrincə, virusa yoluxma halının artması tək ölkəmizdə deyil, bütün dünyada müşahidə olunur: “Bütün ölkələrdə virusa yoluxmanın artmasının əsas səbəbi insanların vəziyyətin ciddiliyini dərk etməməsi və bu məsələyə məsuliyyətsiz yanaşmasıdır”.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın Trend-ə dediyinə görə, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 300-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır.
Mütəxəssisin sözlərinə görə, artıq elə bir vəziyyət yarana bilər ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz. Çünki xəstəxanaların doluluq səviyyəsi müəyyən edilmiş həddi keçərsə, yeni yoluxan xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemlər yarana bilər. Bu halların olmaması üçün ən vacib tədbirlər insanların özləri tərəfindən görülməlidir:
“Artıq insanlar Avropada yaranan təcrübənin şahidi olublar. Həmin ölkələrdə xəstələri xəstəxanalarda yerləşdirmək üçün yerlər tapılmırdı. Həmin acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir. Lakin təəssüf ki, bəzi insanlar ya şüurlu şəkildə bu qaydalara əməl etməyin vacib olduğunu dərk etmirlər, ya da məsuliyyətsizlik göstərirlər”.
Y.Abdiyeva qeyd edib ki, bütün bunlar, xüsusilə insanların məsuliyyətsiz davranışları ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini, sərt karantin tədbirlərinin tətbiqini zəruri edir.
Mütəxəssis bu fikirdədir ki, 2 həftəlik - iyunun 21-dən iyulun 5-dək sərt karantin tədbirlərinin tətbiqi artıq qaçılmaz idi. Onun fikrincə, belə tədbirlərin həyata keçirilməsi yoluxma sayı azalana qədər davam etməlidir. Əhali isə öz növbəsində bunun onların sağlamlığının qorunmasına yönələn addım olduğunu dərk edərək məhdudiyyətlərin tətbiqi qərarını anlayışla qarşılamalı və ona əməl etməlidirlər.
"Hesab edirəm ki, karantin qaydalarının gücləndirilməsi bizim üçün də effektli olar. Əgər insanlar məhdudlaşdırıcı tədbirlərin tətbiqini istəmirlərsə, qaydalara əməl etməlidirlər. Ancaq biz bu gün qaydalara əməl edənlərin sayının çox az olduğunu görürük. Ona görə də dövlət yenidən sərt karantin tədbirlərinin tətbiq etməyə məcbur oldu".