Şəhid ailələrinə mənzil və avtomobil verildi
16 iyun 2020 16:02 (UTC +04:00)

Şəhid ailələrinə mənzil və avtomobil verildi

Bu gün şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, müharibə əlillərinə, həmçinin Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə isə 50 avtomobil təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, dövlət sifarişi əsasında “Hövsan Yaşayış Kompleksi”ndəki binalardan alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb. 

Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7800-dək mənzil və fərdi ev təqdim edilib.

Qeyd edilib ki, nazirlikdən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilir. (Bölgələrdə yaşayan müharibə əlilləri və onlara bərabər tutulanlar üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq Neftçala rayonunda verilir.)  Bununla da nazirlikdən müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6800 avtomobil verilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsinə və rifah halının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2848
avatar

Aygün İbrahimli

Oxşar yazılar