Sakinlərin narazı qaldığı obyekt sahibi cərimələndi - FOTO
11 iyun 2020 16:10 (UTC +04:00)

Sakinlərin narazı qaldığı obyekt sahibi cərimələndi - FOTO

Xətai rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun adına olan küçədə obyekt sahibinin tikinti-təmir işləri aparması sakinlərin narazılığına səbəb olub.

Həmin küçənin 22 saylı binasında yaşayan bir qrup sakin öz narazılığını Lent.az-a bildirib. Onların sözlərinə görə, obyekt sahibi 20 kvadrat metrlik yeri böyüdərək 150 kv.m ərazini tutub:

“Təmirə başlayanda ətrafdakı ağaclardan birini kəsdilər. Qonşular yığışıb şikayət etdik. Dedi ki, obyektimi təmir etmək üçün 7-8 dövlət qurumuna müraciət etmişəm. Tikinti sahəsini o qədər böyüdüb ki, maşını olanlar binanın həyətinə girməkdə çətinlik çəkir. Aidiyyatı orqanlara müraciət etsək də, məsələmiz həllini tapmayıb. Obyektin sahibinin ərazini zəbt etməsi həm ağacların kəsilməsinə səbəb olub, həm də binanın həyətinə rahat giriş-çıxış etməyimizə problem yaradıb”.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov redaksiyamıza bildirdi ki, sözügedən obyektin təmiri icra hakimiyyətinin tövsiyəsi ilə həyata keçirilir:

“Həmin küçədə əsaslı bərpa işləri görülür. Piyada səkisi, yolkənarı ərazilər abadlaşdırılır. Obyektin təmiri də məhz görülən işlər çərçivəsində icra hakimiyyətinin tövsiyəsi ilə davam edir. Obyektin görünüşü bərbad olduğu üçün sahibkara deyildi ki, onu təmir etdirsin. Onun yaxınlığında yerləşən ət dükanı da beləcə təmir etdirilib. Həmçinin, bir müddət öncə 7 nömrəli poliklinikanın yaxınlığındakı dönərxananın da görünüşü yenilənib. Ümumən Məzahir Rüstəmov küçəsində 4 böyük məktəb var. Ərazinin təmiri mütləq idi. Yeni başçımız vəzifəyə gəldikdən sonra rayon ərazisində təmir-bərpa, abadlaşdırma işlərinə göstəriş verib. Yeni başçı əvvəllər hansısa icra hakimiyyəti orqanına rəhbərlik etməyib. Qarabağ qazisidir. İstəyir ki, küçələr abad görünsün. M.Rüstəmov küçəsindəki abadlıq Məhəmməd Hadi küçəsi ilə eyni olacaq. Prezident İlham Əliyev bu gün Milli Qəhrəman İnqilab İsmayılov küçəsində yolun hər iki tərəfində yeni salınmış və qəhrəmanın adına olan parkların açılışında iştirak etdi”.

Şöbə müdiri təmir zamanı ağacların kəsilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, küçədə təmir aparılan zaman heç bir ağac kəsilməyib:

“Əksinə, küçəboyu təmir gedən ərazilərdə icra hakimiyyəti tərəfindən ağaclar əkilib. Özümüz ağac əkdiyimiz təqdirdə onu kəsməyimiz hansı məntiqə sığır? Ərazidə heç bir ağac kəsilməyib”.

Təmir gedən ərazidə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, obyektin sahibi 2800 manat cərimələnib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda obyektin genişləndirilməsi məqsədilə yüngül konstruksiyalı tikinti işləri aparılan zaman iydə ağacının kəsildiyi müəyyən edilib. Ərazidəki digər iki meyvə ağacının isə tikilinin içərisində qaldığı məlum olub.

Faktla bağlı obyektin sahibi Sənan Fətullayev barəsində protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimə edilib.

Tikinti altına düşən iki ağacın qorunması məqsədilə tikinti işlərinin dayandırılması üçün Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhər Şəhərsalma Arxitektura İdarəsinə müraciət olunub”.

Lent.az sakinlərin redaksiyaya bildirdikləri narazılıqları ilə bağlı mövzunu davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3790
avatar

Mehman Nəbiyev

Oxşar yazılar