"Vətənimizin bütövlüyü uğurunda mübarizə aparan şanlı Azərbaycan Ordusunun şücaətindən ruhlanan on minlərlə həmvətənimiz könüllü olaraq ordumuzla birlikdə döyüşlərə qatılmaq üçün müraciət edirlər".
Lent.az məlumat verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O qeyd edib ki, artıq qismən səfərbərlik də həyata keçirilir:
"Vətənin bütövlüyünü, milli birliyi hər şeydən üstün tutun həmin könüllülərimiz arasında dövlət və özəl qurumlarda çalışan, eləcə də günəmuzd işləyən vətəndaşlarımız da var. Dövlət və özəl qurumlarda əməkhaqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə bildirmək istəyirəm ki, maaşların ödənilməsində problem olmayacaq.
Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında iştirakımız və onlara hamımızın dəstək olmağımız çox da vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var".
V.Bayramov başqa bir təklif də irəli sürüb:
"Digər təklifim, könüllü hərbçilərimizin ailələrinə dəstək üçün xüsusi fondun yaradılması ilə bağlıdır. Bu xüsusi dəstək fonduna sahibklar, eləcə də digər vətəndaşlarımız da yardım edə bilər. Bu da hərbçilərimizin ailələrinin sosial təminatının gücləndirilməsinə köməklik etmiş olar. Odur ki, vətənimizin bütövlüyü və gələcəyi uğurunda milli birliyimizi və dəstəyimizi daha da möhkəmləndirək.
Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işgalına son qoyulacagına inanırıq. Bizim işimiz haqq işidir!".