Ombudsman alimentlə bağlı hökumətə təkliflər hazırlayıb
18 aprel 2020 15:41 (UTC +04:00)

Ombudsman alimentlə bağlı hökumətə təkliflər hazırlayıb


Ötən il Ombudsmana ünvanlanan şikayətləri müxtəlif məsələlərə, o cümlədən aliment, əmlak, pul tələbi və əmək haqqı üzrə borcun ödənilməsinə, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılmasına dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı olub.

APA-nın məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.

Sənəddə qeyd edilir ki, bununla belə, aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər həmişəki kimi çoxluq təşkil edib: “Təhlillər göstərir ki, alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, ödənişin yubadılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə imkan verməyib. Borclunun işləməməsi, rəsmi iş yerinin olmaması və ya ondan tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin aşkar edilməməsi, əmək qabiliyyəti olmayan borclunun işləməməsi, pensiya və ya müavinət olmaması, yaxud da aldığı məbləğin az olması, müxtəlif qanunazidd yollarla borcu ödəməkdən yayınması, ölkənin hüdudlarını tərk etməsi kimi səbəblərdən aliment borcunun ödənilməsində ciddi problem və çətinliklər yaranır, bir çox halda ödənişin təmin edilməsi mümkün olmayıb. Borclunun stasionarda məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə əlaqədar müalicədə olması, cəzaçəkmə müəssisəsində cəza çəkməsi, faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi və ya axtarış üzrə tədbirlərin nəticə verməməsi də məhkəmə qərarlarının icrasında çətinliklər yaradır. Aliment üzrə borcların ödənilməsi məqsədi ilə həyata keçirilən tədbirlər, o cümlədən inzibati qaydada xəbərdarlıq edilmə, məcburi gətirilmə, cərimə, inzibati qaydada həbs olunma, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclu barəsində dövlətlərarası axtarışın elan edilməsi, cinayət məsuliyyətinə cəlb etmə kimi tədbirlər də demək olar ki, bir çox halda nəticəsiz qalıb. Araşdırma prosesində alimentin ödənilməsi bərpa edilsə də, bir çox halda ödəniş yenidən dayandırılıb. Bütün bu hallar övladlarını təkbaşına böyüdən anaların, habelə həmin aliment məbləği yeganə təminat mənbəyi olan uşaqların hüquqlarının pozulması ilə nəticələnib”.

Ombudsman hesab edir ki, hər bir halda məhkəmələr tərəfindən müəyyən edilən  aliment məbləğinin aşağı həddi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən az olmamalı, bu məqsədlə müvafiq qanunvericilik aktlarında zəruri əlavə və dəyişikliklər edilməlidir: “İcra haqqında qanunun 23.1.3-cü maddəsinə əsasən, “tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi bir sıra hallarda, o cümlədən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır”. Lakin dövlətin səlahiyyətli qurumunun məsələnin həllindən qanuni əsaslarla imtina etməsi mövcud problemlərin daha da kəskinləşməsinə şərait yaradır. Odur ki, müvafiq qanunvericilik aktlarına problemin həllinə xidmət edən dəyişiklərin olunması zəruridir. Şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda aliment üzrə borcların tam və ya qismən ödənilməsi təmin olunub, həmçinin təmin edilməsi məqsədi ilə tələb borclunun əmək haqqına yönəldilməklə icra edilib və yaxud tələbin təmin edilməsi məqsədi ilə borclular barəsində məcburi tədbirlər görülüb. O cümlədən borclu barəsində axtarış haqqında qərar qəbul edilib, borclu inzibati qaydada həbs edilib, yaxud da borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınıb. Qeyd edilən problemin aktuallığı və səviyyəsi nəzərə alınaraq, uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədi ilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılması zəruridir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768
avatar

Oxşar yazılar