“Bakı Tikiş Evi məktəbli formalarının tikilişini dayandırmayıb. Ehtiyatda kifayət qədər forma var və hazırda təlabat olmadığı üçün yeni formaların tikilməsinə ehtiyac yoxdur”.
Bunu Lent.az-a açıqlamasında Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
O bildirib ki, kifayət qədər parça ehtiyatları var: “Bütün mağazalarımızda kifayət qədər hazır forma var. Ehtiyat parçamız da var. Dərslərlə bağlı qeyri-müəyyənlik var. Əgər qərar verilərsə, Təhsil Nazirliyindən də bizə forma tikilişi ilə bağlı göstəriş olarsa, qısa vaxtda paltarlar hazırlanacaq. Artıq bir neçə aydır ki, məktəbli formalarının satışı olsa da, tək-tək hallarda köynək və s. satılır”.
Bu il məktəbli formalarının yeni modelinin tikilib-tikilməyəcəyinə gəldikdə, E.Əzimov qeyd edib ki, artıq nazirlikdən onlara təqdim olunan yeni modellərin hamısı ilə bağlı nümunələr hazırlanıb: “Yeni model məktəbli formalarını biz hazırlamışıq. Amma hələ ki nazirlik həmin nümunələri götürməyib”.
E.Əzimov bildirib ki, yeni modellərə keçilərsə, ehtiyatda olan köhnə formalarla bağlı qərarı Təhsil Nazirliyi verəcək: “Ola bilər ki, yeni tədris ili ilə bağlı məsələ gec açıqlanar. Buna görə də bu il yeni model deyil, əvvəlki illərin məktəbli formalarından istifadə olunar. Bu barədə heç bir söz deyə bilmərəm”.
Qeyd edək ki, mətbuatda Bakı Tikiş Evinin məktəbli formalarının tikilişini dayandırması ilə bağlı məlumatlar yayılıb.