“Koronavirus pandemiyasına görə, xəstəxanalara ezam olunan həkimlərin neçə gün fasiləsiz işləməsinin tənzimlənməsi müxtəlifdir. Bu daha çox onların hansı sahəyə baxması, ixtisası və s. ilə bağlıdır”.
Bu barədə Lent.az-a açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.
O qeyd edib ki, vəzifə borcunu yerinə yetirən həkimlər 14 gün və ya bir ay davamlı işlədikdən sonra evə gedə bilirlər: “Pandemiyanın müalicəsi ilə bağlı fəaliyyət göstərən xəstəxanalara ezam olunan həkimlər bir ay və ya 14 gün sonra istirahətə buraxılır. Könüllü şəkildə 2-3 ay ərzində evinə getmədən işləyən həkimlər də var”.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, pandemiya xəstəxanalarında işləyən bütün həkimlər evlərinə gedəcəkləri vaxt mütləq koronavirusa görə test olunur və nəticəsi neqativ olduqdan sonra evinə gedə bilir.
O qeyd edib ki, TƏBİB-in tabeliyində olan xəstəxanalarda çalışan həkimlər pandemiyanın müalicəsi aparılan xəstəxanalara ezam olunur və bu məsələdə qurum cavabdehdir: “Özəl xəstəxanalarda işləyən həkimlər özləri könüllü şəkildə koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalara getmək istəyirsə, onlar da işləyə bilirlər. Hazırda könüllü işləyən bu cür həkimlər də var”.