Koronavirusun ana südü ilə keçib-keçməməsi pandemiya dövründə ən aktual suallardan biridir.
e-tibb.az bununla bağlı səslənən suallara cavab olaraq BMT Uşaq Fondu (UNICEF) və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsi çərçivəsində hazırlanan yazını təqdim edir:
Koronavirusun tüğyan etdiyi bir dövrdə hamilələr və əmizdirən analar narahatlıq keçirirlər. Lakin virusa yoluxma riskinin azaldılma yolları məlumdur.
İstənilən yoluxucu xəstəlik dövründə sosial məsafəni saxlamaqla yoluxmanın qarşısını tam yaxud qismən almaq və ya virusun yayılmasını ləngitmək mümkündür.
Məlumdur ki, ana südü özlüyündə körpəni müxtəlif növ xəstəliklərdən – tənəffüs yolları, ağciyər və mədə-bağırsaq xəstəliklərindən qorumaq üçün çox güclü vasitədir. Lakin COVİD-19 infeksiyasına qarşı ana südünün təsiri daha çox araşdırılmalıdır. Ana südü həmçinin immunoqlobulinlər kimi tanınan anti-cisimlər (IgG, IgA, IgM, IgD, IgE) ilə zəngindir. Mikrobların selikli qişaya yapışmasının qarşısını alan bir sıra faydalı molekullar, həmçinin güclü immunitet dəstəkləyicisi olan leykositlər, laktoferrin, lisozim, oliqosaxaridlər, immun və kök hüceyrələri, mikrobiota üçün faydalı bakteriyalar və s. ana südünün tərkibində mövcuddur.
Koronavirusa yoluxmuş hamilə qadının dölyanı sularında, körpənin göbək ciyəsi qanında, zahının isə südündə virus aşkarlanmamışdır. Koronavirusa yoluxma hamilə qadının qeysəriyyə edilməsi üçün göstəriş deyil. O da digər sağlam qadınlar kimi təbii doğuş edə bilər. Koronavirusa yoluxmuş qadının körpəsini əmizdirməyə əks göstəriş mövcud deyil. Sadəcə, ana aşağıdakı tədbirləri həyata keçirməlidir:
1. Əmizdirmə zamanı maska taxmalıdır.
2. Körpəyə yaxınlaşmamışdan öncə və sonra əllərini yumalıdır.
3. Mütəmadi olaraq, toxunduğu səthləri dizenfeksiya etməlidir.
Koronavirusa yoluxmuş ana yenidoğulmuş körpəsini qucağına ala bilər. Bunun üçün ana mütləq şəkildə yuxarıdakı gigiyenik tədbirləri həyata keçirməlidir.
Əgər ananın körpəsini əmizdirməyə kifayət qədər halı yoxdursa, bu zaman südünü körpəsi üçün sağıb əmzik vasitəsi ilə körpəsini qidalandıra bilər. Artıq qalan südü isə soyuducuda 10 saata qədər saxlaya bilər. Körpələri doğuşdan sonra analarından ayırmağa ehtiyac yoxdur və tövsiyə olunmur.
Çində koronavirusa yoluxmuş hamilələrin üzərində aparılan araşdırmaya əsasən məlum olmuşdur ki, doğulan körpələrdə həmin xəstəlik aşkarlanmamışdır. Körpələrin burun və boğazlarından, göbək ciyəsi qanından, dölyanı sudan və ananın südündən götürülən nümunələrdə koronavirus aşkarlanmamışdır.
Hamiləlik zamanı virusun hamilə qadına və ya körpəsinə yetirəcəyi zərər haqqında hələlik elmi əsası olan sübut yoxdur. Ancaq mütəxəssislər virusa yoluxmuş analara əmizdirməni davam etməyi tövsiyə edir. Əgər həmin ana südsağandan istifadə edirsə, ciddi gigiyenik qaydalara riayət etməlidir: ana südsağana toxunmamışdan öncə əllərini sabunla yumalı, südsağanın hər istifadəsindən sonra onu düzgün sterilizasiya etməlidir.
Erkən doğulmuş körpələrin cari vəziyyətdə qidalanması ilə bağlı bütün ciddi qurumlar (Ümumdünya Səhiyyə Təşkilatı, Xəstəliklərə Nəzarət Mərkəzləri, Amerika Pediatriya Akademiyası, Əmizdirmə Tibbi üzrə Akademiya) COVİD-19 müddətində körpələrin ana südü almasını tövsiyə edirlər. Mütəxəssislər müxtəlif növ infeksiyalara qarşı körpə bədənin mühafizə olunması üçün ana südünü əsas amil hesab edilər.