Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.
Lent.az xəbər verir ki, o bundan əvvəl Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
Əhməd İsmayılov 1980-ci ildə anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.
2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.
20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.
Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.
Ailəlidir.