“Avtobuslarda kondisionerlərin işlədilməsi ilə bağlı məsələ hazırda müzakirə olunur. Kondisionerin daxildəki havanı soyudub, yenidən dövrüyyəyə buraxması virus xəstəlikləri üçün təhlükəlidir”.
Bunu Lent.az-a açıqlamasında ölkənin baş infeksionsti Cəlal İsayev deyib: “Havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskini artırır. Havanın xaricdən daxil olub dövr etməsi təhlükəni aşağı salır. Hazırda bu məsələ üzərində işlənilir. Avtobuslarda havanın tənzimlənməsi məsələsi həll olunacaq və yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.
C.İsayev isti havanın koronavirus pandemiyasına təsiri məsələsinə də toxunub: “Elə başa düşülürdü ki, havaların istiləşməsinin koronavirusun yayılmasının azalmasına təsiri olacaq. Amma elə bir təsirinin olmadığı görüldü. Virus yeni olduğundan onun haqqında məlumatlar zəifdir. Məlumatlar çoxaldıqca, təhlillər aparıldıqca, yayılma ehtimalı ilə bağlı da daha dəqiq bilgilər vermək olacaq”.