Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.
Mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən şəxslərə azı 3 il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə bu müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.
Layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.
İşsizlikdən sığorta ödənişinin hesablanması, işsizlikdən sığorta ödənişlərinin elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də layihədə əksini tapır.