Bu ilin əvvəlindən icbari tibbi sığorta prosesinə başlanılıb. Əhalini maraqlandıran suallardan biri də iki yerdə işləyən vətəndaşların sığorta haqqını necə ödəyəcəyi ilə bağlıdır.
Lent.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev Vergilər.az saytına açıqlamasında bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, "Tibbi Sığorta haqqında" qanunda qeyd edilib ki, vətəndaş gəlirlərindən sığorta haqqı ödəməlidir: “Ona görə də bir neçə yerdən gəlir əldə edilirsə, onlara uyğun ödəniş edilməlidir. Başqa sözlə, 2 yerdə işləyənlər hər iki iş yerindən əldə etdiyi gəlirə uyğun ayrıca icbari tibbi sığorta haqqı ödəməlidir. Bu məbləğlər "Tibbi Sığorta haqqında" qanunda əksini tapıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8 min manatadək (8 min manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8 min manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub”.