Səudiyyə Ərəbistanı, 1932-ci ildə krallığın qurulmasından bəri ilk dəfə Həcc mövsümünü ləğv etməyi düşünür.
Lent.az dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin rəsmiləri məsələni hərtərəfli araşdırır. Rəsmi qərarın bir həftə ərzində veriləcəyi açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən məsələ ilə bağlı Lent.az-a bildirilib ki, Səudiyyə Ərəbistanı Həcc Nazirliyindən bu il Həcc ziyarətinin olub-olmayacağı ilə bağlı QMİ-yə rəsmi məlumat daxil olmayıb:"Səudiyyə Ərəbistanı tərəfindən bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı, yaxud olacağı təqdirdə hansı şərtlər daxilində həyata keçiriləcəyi, yaş məhdudiyyəti, zəvvarların sağlamlıq vəziyyəti, eləcə də kvotanın azaldılması ilə bağlı hələ ki, rəsmi bir məlumat daxil olmayıb".
Qeyd edək ki, bu il dünya üzrə Həcc ziyarətinə getmək istəyən 2 milyon 300 min insan ilkin qeydiyyatdan keçib.
Bu il Azərbaycan üçün 1500 nəfərlik kvota ayrılmışdı. Koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq edilənədək 400-ə yaxın sənəd verən olmuşdu. Hazırda da sənəd qəbulu dayandırılmayıb. Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər 4490 dollar ödəməli idi.
Qeyd edək ki, bu ilin iyul ayının sonuna planlaşdırılan Həcc ziyarəti dünyadakı ən böyük dini mərasimlərdən biridir.
İki milyondan çox hacı İslami ayinləri yerinə yetirmək üçün Krallığa səfər edir. İslamda əhəmiyyəti ilə yanaşı, Həcc ziyarəti Ər-Riyad üçün əsas xarici gəlir mənbəyidir. Rəsmi məlumatlar göstərir ki, Həcc və il boyu baş tutan ümrə ziyarəti il ərzində ölkəyə təqribən 12 milyard dollar pul qazandırır.