Havalar soyuyur: dəm qazı təhlükəsindən necə qorunaq? - Baş toksikoloqdan AÇIQLAMA
29 oktyabr 2020 16:49 (UTC +04:00)

Havalar soyuyur: dəm qazı təhlükəsindən necə qorunaq? - Baş toksikoloqdan AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsinə görə əhaliyə müraciət edib.

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablandıran Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov bildirib ki, oktyabr ayı ərzində dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə 9 müraciət daxil olub:

“Onlardan heç biri şöbəyə yerləşdirilməyib, lazımi məsləhətlər verilib və yola salınıb.

Dəm qazı səbəbindən şöbəmizə həftədə 2-3 müraciət daxil olur. Bununla bağlı əsas müraciətlər əsasən noyabr ayından sonra olur. Buna səbəb havaların soyuması və istilik sistemlərinin qoşulmasıdır”.

A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmənin əsas əlamətləri baş ağrısı, baş gicəllənməsi, ürək bulanması və halsızlıqdır:

“Hadisə zamanı zəhərlənmiş şəxsi əvvəlcə hadisə yerindən uzaqlaşdıraraq təmiz havaya çıxarmaq, ağız boşluğunu açaraq seliki təmizləmək və hərarətinin düşməsinin qarşısını almaq üçün üst-başını örtmək lazımdır. Zəhərlənmiş şəxsin huşu yerinə gəldikdən sonra ona isti içki verilməlidir”.

Baş toksikoloq əlavə edib ki, hadisə zamanı müşahidə aparması üçün təcili tibbi yardımı çağırmaq vacibdir:

“Çünki elə olur ki, halın pisləşməsinə dəm qazından zəhərlənmə səbəb olmur. Belə ki, əsasən yaşlı insanlarda şəkərin qalxması, qan təzyiqinin düşməsi, ürək çatışmazlığı da narahatlığa səbəb ola bilir. Bildirim ki, dəm qazı ilə bağlı müraciətlərdə çox vaxt tibb işçiləri baxdıqdan sonra dəm qazı faktını təsdiqləmirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar