ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı Quba və Qusar rayonlarına səfəri ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib.
ÜST-dən APA-ya verilən məlumata görə, H. Harmancı bildirib ki, sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyir.
"Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.
İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm.
Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”, - deyə o əlavə edib.
***
08:49
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bu gün Quba və Qusar rayonlarına istirahətdə olub.
Lent.az "Oxu.az"a istinadən bildirir ki, o, olduğu istirahət mərkəzlərindən foto və video çəkərək sosial şəbəkədə paylaşıb.
Onun paylaşımları birmənalı qarşılanmayıb. Belə ki, H.Harmancı indiyə qədər dəfələrlə əhaliyə müraciət edərək evdə qalmalarını tövsiyə edib.