Fevralın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.
APA-nın məlumatına görə, FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəb kollektivinə yanğın zamanı davranış qaydalarının aşılamaq, o cümlədən yanğın zamanı təxliyə prosesinin nümayiş etdirməkdən ibarət olub.
Təlimdən əvvəl məktəbin müəllim və şagird kollektivinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.
FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva bildirib ki, təlim internat məktəbinin rəhbərliyinin müraciəti əsasında keçirilib: "Təlimdə Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti və texnikası iştirak edib. Təlimin məqsədi hər hansı fövqəladə hadisə baş verdikdə təxliyə zamanı təhlükəsizliyin təmin olunması, uşaqlara təhlükəsizlik mədəniyyətinin aşılanmasıdır. Bura xüsusi internat məktəbidir, məhdudiyyətlidir. Əsas məqsədimiz odur ki, həmin uşaqlar təhlükəsizlik baxımdan özlərini necə müdafiə etməli olduqlarını bilsinlər. Bu təlimlər Bakı ilə yanaşı regionlarda da keçirilir. Arzu edərdik ki, Təhsil Nazirliyi ilə birgə digər internat məktəblərində də belə təlimlər keçirək".
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova FHN əməkdaşlarına təşəkkür edib: “Bu təlim bütün uşaqlar üçün lazımlı məsələ olsa da sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusilə vacibdir".