Dünyanın bu günü  - VİDEO
31 may 2020 09:02 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

(1893-1960)

1. “Azərbaycan" qəzetinin ilk baş redaktoru, görkəmli dövlət və ictimai-siyasi xadimi Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1893-cü il mayın 31-də Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa vurduqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilib. Elə həmin ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılıb. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin rəhbərlik etdiyi şöbənin fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli olub. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb, bir müddət dairə məhkəməsində işləyib, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edib. 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinin deputatı seçilib, Daxili İşlər nazirinin müavini olub. Lakin 1920-ci ilin aprel işğalından sonra Tiflisə, daha sonra İstanbula köçüb və həyatının qalan hissəsini mühacirətdə keçirib. Şəfi bəy Rüstəmbəyli 1960-cı il dekabrın 20-də İstanbulda dünyasını dəyişib və Fəriköy məzarlığında dəfn edilib.

ƏLİ QULİYEV

(1912-1989)

2. AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Əli Musa oğlu Quliyev 1912-ci il mayın 31-də Gəncə şəhərində anadan olub. Bakı Pedaqoji Texnikumunda, Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsində təhsil alıb. Müxtəlif illərdə müəllim, baş laborant, kimyaçı, sahə rəisi, böyük mühəndis, kafedra müdiri, direktor vəzifələrində çalışıb. 8 monoqrafiyanın müəllifidir. "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordeni və medallarla, 6 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. Əli Quliyev 1989-cu il yanvarın 29-da vəfat edib.

SARA QƏDİMOVA

(1922-2005)

3. Azərbaycanın xalq artisti, xanəndə Sara Bəbiş qızı Qədimova 1922-ci ilin mayında Bakıdaanadan olub. Əmək fəaliyyətinə1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub.1957-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edib, adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah", "Qarabağ şikəstəsi" muğamları dillər əzbəridir. "Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə təltif edilən Sara Qədimova 2005-ci il mayın 12-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, müğənniAkif İslamzadəninanası, xanəndə Hacıbaba Hüseynovunbaldızıdır.

OQTAY ZÜLFÜQAROV

(1929-2016)

4. Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Qədir oğlu Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin və Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, dahi bəstəkar Qara Qarayevin tələbəsi olub.Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı onun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb,Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub. “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını, “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyasını, “Sehrli alma” ikihissəli baletini, eləcə də violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazıb. Ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilən Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də vəfat edib.

NİLUFƏR

(1955)

5. Türkpop musiqisinin ən məşhur nümayəndələrindən biri Nilufər Yumlu 1955-ci il mayın 31-də İstanbulda anadan olub. İtalyan orta məktəbində təhsil alıb. "Selam Söyle", "Sensiz Olmaz", "Nilüferle", "Yeniden Yeni Yine", "Karar Verdim" və başqa albomların müəllifidir. "Nazar" qrupu ilə birlikdəTürkiyəni1978-ci il Avroviziya Mahnı Müsabiqəsindətəmsil edib vəFinlandiyanümayəndəsi Seyca Simola ilə 18-ci yeri bölüşüb. 1997-ci ildən etibarənTürkiyəninUNİCEF-dəki milli təmsilçisidir.Nilufər 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülüb.

ABBASQULU AĞA BAKIXANOV

(1794-1847)

6. Azərbaycan tarixçisi, şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanovun anım günüdür. O, 1794-cü il iyunun 21-də Bakının o vaxtkı adı Xilə olan Əmircan kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub.1819-cu ildə general Yermolovun dəvəti ilə Tiflisə gələrək, Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. "Qanuni-Qüdsi", "Kəşfül-qəraib", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm", “Ümumi coğrafiya” və başqa əsərlərin müəllifidir. Qüdsi təxəllüsü ilə şeirlər yazıb. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Abbasqulu ağa Bakıxanov 1847-ci ilin mayında Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Fatimə Vadisi adlanan yerdə dəfn olunub.

NƏSİB BƏY YUSİFBƏYLİ

(1881-1920)

7. Görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri Nəsib bəy Yusif bəy oğlu Yusifbəylinin xatirə günüdür. O, 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulub. Gəncə klassik gimnaziyasını bitirib, 1902-ci ildə isə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub. Krımda "Tərcüman" qəzetində, Bakıda "Açıq söz" qəzetində çalışıb. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olub. Daha sonra İsmayıl bəy Qaspıralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalıb. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə “Molla Nəsrəddin”ə və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak edib. Bu zaman Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai siyasi fəaliyyətə başlayıb. 1917-ci ilin Fevral inqilabından sonra Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradıb. Daha sonra bu partiya Müsavat Partiyası ilə birləşib və yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat" adlanıb. 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri olub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra maliyyə və xalq maarifi naziri, xalq maarifi naziri, dini etiqad naziri, baş nazir və daxili işlər naziri vəzifələrini tutub. 1920-ci ilin aprel işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə paytaxtı tərk edən Nəsib bəy Yusifbəyli 1920-ci ilin mayında Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

ZÜLFÜ ADIGÖZƏLOV

(1898-1963)

8. Azərbaycanın əməkdar artisti, xanəndə,muğambilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlovun xatirə günüdür. O, 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olub. 1927-ci ildə Bakıya köçərək "Müdafiə Evi"ndə - indiki Filarmoniyada işləmək üçün Üzeyir Hacıbəyov, Qurban Pirimov və Müslüm Maqomayev qarşısında imtahan verib, eyni zamanda Radio Verilişləri Komitəsinə işə qəbul olunub.Onun ifasındakı "Rast", "Mahur-Hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Zülfü Adıgözəlov 1963-cü ilin bu günüBakıdavəfat edib. O, bəstəkarVasif Adıgözəlovunatası,dirijor Yalçın Adıgözəlovunbabasıdır.

SAMƏT ƏLİZADƏ

(1938-2002)

9. Bu gün əməkdar elm xadimi, filologiya elmləri doktoru, pedaqoq Samət Qürbət oğlu Əlizadənin anım günüdür. O, 1938-ci ilmartın 14-dəXızıdaanadan olub.1960-cı ildəAzərbaycan Dövlət Universitetininfilologiya fakültəsini bitirib, 1965-ci ildən Azərbaycan Dövlət Universitetində dərs deyib. Ədəbi yaradıcılığa XX əsrin 60-cı illərdən başlayıb, dövri mətbuatda vaxtaşırı elmi və ədəbi-tənqidi məqalələrlə çıxış edib. Onun “XVI əsr Azərbaycan ədəbi dili” əsəri hələ də maraqla oxunur. 10 kitab, 200-ə qədər elmi məqalənin müəllifi olan Samət Əlizadə2002-ci ilinmayında vəfat edib.

ARİF ABDULLAZADƏ

(1940-2002)

10. Şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi Arif Əbdürrəhman oğlu Abdullazadənin anım günüdür. O, 1940-cı il aprelin 5-də Şəki şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat Muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi,Ədəbiyyat İnstitutundakiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışıb, Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərib. "Bir ovuc torpaq", "Duyum", "Sınaq kürəsi", "Qanlı yaddaş"kimi romanların, 5 monoqrafiyanın, bir neçə şeir kitabının müəllifidir. Eyni zamanda Cəlil Məmmədquluzadənin Novruzəli, Usta Zeynal, Qurbanəli bəy, Kefli İsgəndər, Hacı Həsənağa, Şeyx Nəsrullah və başqa ədəbi qəhrəmanları haqqında silsilə şeirlər yazıb. Arif Abdullazadə 2002-ci il mayın 31-də Bakıda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2440
avatar

Oxşar yazılar