Dünya əhalisinin 60-70 faizinin koronavirusa yoluxacağı ehtimal olunur.
Lent.az xəbər verir ki, bu barədə məlumatı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov deyib. Alim “Evdə qal” rubrikası çərçivəsində müsahibə verib. Müsahibədə koronavirusun növləri, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı çağırışları, bu virusdan qorunma üsulları və təhlükələrdən söhbət açıb.
Alimin sözlərinə görə, koronavirus infeksiyasından inkişaf etmiş ölkələr daha çox əziyyət çəkir. Dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görülür. İnsanlar isə özlərinin və yaxınlarının sağlamlığı üçün karantin qaydalarına mütləq əməl etməlidirlər: “Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrinə riayət etmək lazımdır. Hər bir insan özünü qorumağı bacarmalı, mütəmadi səhhətini yoxlamalı, yəni əgər temperaturu olduğunu hiss edirsə, öskürürsə və tənəffüsü ağırlaşıbsa, mütləq yerli səhiyyə təşkilatlarına səhhəti barədə məlumat verməlidir”.
Dosent Ə.Məmmədov insanların hərəkətliliyinin qarşısı alındığından, qadağalar tətbiq olunduğundan virusun bir regiondan başqa bölgəyə yayılmasının daha çətin olduğunu deyib. Qeyd edib ki, virusa qarşı hər kəsin orqanizmi fərqli reaksiya verir. İmmun sistemi normal olan insan bu xəstəliyə müqavimət göstərib qalib gələ bilir.
Direktor müavini bildirib ki, bir neçə beynəlxalq səviyyəli alim yeni virusun Çinin tədqiqat laboratoriyalarından biri ilə bağlılığını inkar edir: “Onlar təkid edirlər ki, virus təbii yol ilə insanlara keçmiş və sonra insandan insana yayılmağa başlayıb. Digər alimlər isə virusun Çin laboratoriyalarında öyrənilməsi zamanı xarici laboratoriyanın əməkdaşını yoluxduraraq, ya da yoluxmuş laboratoriya heyvanı vasitəsilə yayılmasını mümkün hesab edirlər”.
“Bütün Yer kürəsində insanların 60-70 faizinin koronavirusa yoluxacağı ehtimal olunur”, – deyə bildirən Ə.Məmmədov koronavirusa yoluxanlar arasında sağalanların daha çox olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq. Xəstə olduğu halda maskasız gəzən və gigiyenik qaydalara əməl etməyən bir nəfər 400-dən çox insanı yoluxdura bilər. Bu qayda ilə davam etsə, pandemiya artacaq və bunun qarşısını almaq çətin olacaq. Yəni təbii seçmə baş verəcək, immun sistemi normal olan insanların sağalmaq, sağ qalmaq ehtimalı yüksək olacaq.
Alim koronavirusla adi qripin fərqləri, virusun aşkarlanması üçün istifadə olunan test və metodlar, pandemiya əleyhinə vaksinin hazırlanması və onun sınağı, eləcə də dünyanın tanınmış nəşrlərində COVID-19 virusu ilə bağlı aparılan araşdırmalar barədə də məlumat verib.