Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şəkini bir dəfə görən onun ecazkar təbiətinə, tarixi abidələrinə, ləziz mətbəxinə və ən nəhayət şirindilli, qonaqpərvər sakinlərinə heyran olur.
Bu gün Şəki ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Ötən il “Xan Sarayı” ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox böyük tarixi hadisədir. Şəkidə artıq son illər yeni ənənələr yaranıb, Şəki beynəlxalq miqyaslı tədbirlərə, o cümlədən beynəlxalq festivallara ev sahibliyi edib. Festivallar şəhəri kimi tanınan Şəkidə Beynəlxaq Musiqi Festivalının, Şirniyyat Festivalının və Teatr Festivalının keçirilməsi ənənə şəklini alıb. Son illər Şəkiyə yerli və postsovet ölkələrinin vətəndaşları ilə yanaşı, dünyanın əksər ölkələrindən də turistlər gəlib. Əvvəlki illərdə Şəkiyə gələn yerli və xarici turistlərin sayı 250.000-i keçirdi. Yay aylarında bütünlüklə Şəkini Bakının bulvarı və əhalinin sıx toplaşdığı parklar ilə müqayisə etmək olardı. Sözsüz ki, bu il turistlərin sayında artım daha çox olmalı idi.
Lakin....
Lakin, bu ilin əvvəlindən yayılmağa başlayan və bütün dünyanı cənginə alan COVID-19 pandemiyası öz şərtlərini diqtə etməyə başladı. İnsanların həyatının bütün sahələri pandemiyanın mənfi təsirinə məruz qaldı. COVID-19 pandemiyası Şəkidən də yan keçmədi və burada da virusa yoluxma fakları aşkarlanmağa başladı. Qısa müddətdə yoluxma faktı aşkar olunanların sayı 100-ü keçdi.
Turizmə nə qədər mənfi təsir etsə belə, insan amili əsas götürülərək, Azərbaycanın digər rayon və şəhərlərində olduğu kimi, Şəkidə də sərtləşdirilmiş karantin rejimi tətbiq edildi və Şəki şəhər İcra Hakimiyyəti, rayonun səhiyyə işçiləri, polis şöbəsi və digər əməyi olan idarə və təşkilatların bütün gün ərzində birgə həyata keçirdikləri profilaktik tədbirlər öz müsbət nəticələrini verməyə başladı. Artıq son günlər Şəkidə yoluxma halları demək olar ki, yox dərəcəsindədir.
Aparılan təbliğat-maarifləndirmə işlərinin nəticəsidir ki, öz duzlu-məzəli lətifələri ilə tanınan şəkililərin söhbətlərində bu gün xəstəlikdən qorunmaq üçün maska taxılması, ara məsafənin saxlanılması və dezinfeksiya qaydalarına riayət edilməsi barədə söhbətlər daha çox üstünlük təşkil edir. Hətta ehtiyatlı olmaq barədə fikirlər lətifələr vasitəsi ilə çatdırılır.
Daha çox danışılan bu lətifə yerinə düşər:
Bir şəkili Əzrayılla dost olur. Bir müddət dostluq etdikdən sonra şəkili onunla şərt kəsir ki, mənim canımı almamışdan əvvəl mənə xəbərdarlıq edərsən. Əzrayıl da bir dost kimi razılaşır. Üstündən bir müddət keçdikdən sonra Əzrayıl şəkili dostunun başının üstünü alır və vaxtının çatdığını bildirir. Şəkili narazı şəkildə, Əzrayıla dost kimi şərt kəsdiklərini və əvvəlcədən ona xəbərdarlıq etməli olduğunu xatırlatdıqda, Əzrayılla onun arasında maraqlı dialoq yaranır:
Əzrayıl: Qabaqdakı qonşun Məmməd dayının ölümündən xəbərin varmı?
Şəkilı: Əlbətdə, 40-na qədər əl-ayaq etmişəm.
Əzrayıl: Arxa qonşu Məsmə xalanın vəfatından xəbərin varmı?
Şəkili: Əlbəttə, yaxşı qonşu kimi 40-na qədər ailəlikcə köməklik etmişik.
Əzrayıl: Sağdakı qonşunun 20 yaşlı oğlunun vəfatından necə, xəbərin varmı?
Şəkili: Əlbəttə, amma çox cavan getdi, tərbiyəli uşaq idi.
Əzrayıl: Bəs sol tərəfdəki qonşunun nəvəsinin rəhmətə getməyindən necə, xəbərin varmı?
Şəkili: Hə qardaş, o uşağın ölümü hamımızı yandırdı.
Əzrayıl üzünü çevirir şəkili dostuna və narazılıqla bildirir:
- Ən yaxın qonşularında rəhmətə gedənlərdən xəbərin var və hüznlərində də iştirak etmisən. Məndən isə inciyirsən ki, niyə xəbərdarlıq etməmisən. Bəs xəbərdarlıq necə olur ki ?
Bu gün Şəkidə dolaşan bu lətifədə böyük həqiqət var. 2-3 ay əvvəl bu xəstəliyə inanmayan hər kəsin, bu gün Şəkidə və ya kənarda yaşayan dostları, tanışları, qohumları və ya qonşuları arasında koronavirusdan vəfat edən, ya da xəstəxanada ölümlə mübarizə apararaq əziyyətlə müalicə alan şəxslər var.
Qaydalara riayət etməyən hər birimiuz üçün bu bir xəbərdarlıqdır!
Dünyada koronavirusa yoluxanların sayı 17 milyona yaxındır və hələlik vaksin icad edilməyib. Ona görə də, vaksin tapılana qədər hər kəsin başa düşəcəyi iki yolumuz var:
- özümüzün və əzizlərimizin həyatını qorumaq üçün qaydalara əməl edərək maskadan istifadə etməli, sosial məsafəni saxlamalı və şəxsi gigiyena qaydalarına riayət etməliyik, - Qaydalara riayət etməsək, ən yaxın əzizlərimizi, doğmalarımızı itirməyə hazır olmalıyıq.
Həm özümüzü, həm də rayonumuza gələcək qonaqlarımızı qorumaq üçün hələlik başqa yol yoxdur, qeyd olunan qaydalara riayət etmək isə, o qədər də çətin deyil.
P.S. Bu gün Şəki sözün həqiqi mənasında həyətində yalnız bağbanlar olan füsunkar parka bənzəyir. İstər Şəkinin tarixi məkanları, istərsə də, şəhərin özü sanki qonaqlar üçün qəribsəyib.
DAYANIR BİR DAĞ TƏKİ, DAĞLAR QOYNUNDA ŞƏKİ!!!
Bəli, Şəki dağlar qoynunda bir dağ kimi dayanıb. Lakin qonaqsız Şəkinin dağları da çox kiçik görünür. Sanki bu dağları böyük göstərən də ona həsəd aparan qonaqları idi...
Daşqın Mikayılov