Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır
28 mart 2020 16:32 (UTC +04:00)

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

Yer üzü hələ bu qədər yaradıcı - qara olduğu qədər ağ, neqativ olduğu qədər pozitiv, bədbin olduğu qədər nikbin, bir sözlə, şəri və xeyiri paralel daşıyan virus görməyib...

ÇAPIQ 

Qarabağ müharibəsində 16 yaşlı oğlu itkin düşən və az qala 30 ildir məcburi köçkün həyatı yaşayan anadan soruşurlar ki, bunca zaman keçdikdən sonra övladın gəlib çıxsa, tanıyarsan? Deyir: “Hə, niyə tanımıram, balam deyil? Bir də ki, çox dəyişmiş olsa, alnında, qaşının üstündə çapıq var, o çapıqdan da tanıyaram balamı...” 
Həyat belədir...   

TAC

Gerçək tac şah başında tacdır, kənarda qiymətli dəbilqə, eksponatdır. Tac kimi təqdim olunanda “tac” demirlər ona, “filankəsin tacı” deyirlər. Ya da “filankəsin koronası”... 

VİRUS 

İndinin şahı virusdur. Koronavirus. Yəni adi virus yox, taclı virus. İlk baxışda haqlı olaraq düşünürük ki, görünməmiş bəla gətirib özü ilə bu virus dünyamıza. Amma dərindən düşünəndə görürsən ki, lənətə gəldiyi qədər də sayğıya gəldiyi var bu gözlə görünmədiyi halda hamıya özünü yetərincə göstərən varlığın. 
Lap elə şahlar kimidir. Fəlsəfəsinə varanda adam ürəkdən söyə də bilmir onu. Hətta yerdə kölgəsiymiş, nişanəsiymiş kimi Allahı xatırladır insana, yada salır yəni. Axı o da insanları birliyə, həmrəyliyə, təmizliyə, xeyirxahlığa çağırır. Baxın, zühur etdiyi gündən bəri bir planet insanın əlindən tutub ayrılığın astanasına gətirib. Gətirib və bizə ayrılığın qoxusunu, ölümün hənirtisini duyduraraq can bir, qan bir olduğumuzu xatırladıb, bir-birindən ötrü darıxan, bir-birinə telefonun, kompüterin içində yox, həyatda qonaq getmək arzusu ilə yaşayan, sözdə yox, ürəkdə darıxan gerçək doğmalara çevirib hamımızı. 

BƏLKƏ – 1

Bəlkə, bu virusun məhz yarasadan yayılmasının (əgər ondan yayılıbsa) özündə bir hikmət var? Bir anlıq təsəvvür edin ki, o, bütün dünyanın yediyi hansısa başqa bir qidadan yayılır... 

OYUN
Deyirlər, əslində, bu virus məsələsi bir oyundur. Bilmirəm, oyundur, ya yox? Amma lap olsun oyun. Olsun. Ama bizimçün yox. Bizimçün oyun deyil. Çünki biz onun nəinki şahının tacı, heç piyadasının çapığı da deyilik. Deyilik. Kiminçün də oyun olsa, bizimçün dəqiq oyun deyil. Yalandan ölürlər insanlar oyunlarda, gerçəkdən yox. Ona görə oyun deyil. Deyil, çünki həyatımızı alır əlimizdən. Yalandan yox, pərdə enənədək, yaxud vaxt bitənədək deyil, birdəfəlik, gerçəkdən öldürür bizi. 

TƏSLİMÇİLİK
Böyük dövlətlərin dünyaya meydan oxuyan rəhbərləri belə tərəddüd etmədən geri çəkilirlər onun qarşısında. Niyə? Trilyonlarla pul xərcləyirlər onun gəlişinə. O qədər pula istənilən virusun vaksinini tapmaq olar, yəqin ki. Tapmaq və onu məhv etmək. Amma yox. Vaksini tapmağa yox, virusdan gizlənməyə ayırılır böyük pullar. “Girin evə, çölə çıxmayın”. Lap Şəngülümün nağılındakı kimi: çöldə canavar var, çıxsanız, yeyəcək sizi. Hamını uşağa çevirib bu məsumiyyət təslimçiliyi. Bir planet uşaq var yer üzündə. Evdə oturub yemək gözləməyə məcbur edilən uşaq. 
Bir də qeyri-rəsmi ittihamlara çoxlu pul xərclənir. Dezinformasiyalara, “təhlillərə”. Biri deyir: “Çin bilərəkdən yayıb bu virusu”. Əgər belədirsə, niyə ABŞ rəsmən ittiham etmir  Çini? Axı bu fürsəti niyə əldən qaçırsın ki? Digəri deyir: “ABŞ-ın əli var bu işdə”. Əgər belədirsə, onda niyə Rusiya susur? Axı bu pis fürsət deyil soyuq müharibə üçün. Ümumiyyətlə, niyə bu virusa qarşı hamı belə qərarsız və məsumdur?

BƏLKƏ -2
Bəlkə, kənardan göstəriş var. Yəni yerdən kənardan. Olmasın göstəriş, olsun işarə. Olmasın kənardan, olsun daxildəki kənarlılar. Bəlkə, gerçəyi bilirlər dövlət başçıları, ona görə dinmirlər, virusa meydan oxumurlar tiranlara meydan oxuyanlar da, tiranlar özləri də. Bəlkə, ona görə gücə-qüdrətə yox, duaya, etirafa tapınırlar. Bəlkə, hamısı bu bəladan itkisiz çıxmaq yox, az itki ilə qurtulmaq arzularını ona görə dilə gətirirlər ki, kənardan deyilib: “filan qədər insan qırılmalıdır”, hər ölkə bir həddə qədər qalxıb-düşməlidir itkilər cədvəlində. Bəlkə, bilməli olanlar dəqiq bilirlər ki, bu xəstəlik yox, müharibədir. Əgər müharibədirsə, itkisiz olmaz, əlbəttə. 
Bəlkə, bütün ölkələr bu müharibəyə töhfə verməlidirlər. Vaksin töhfəsi yox, can töhfəsi, ölü töhfəsi. Bəlkə, əvvəldən hər dövlətə kvota müəyyən olunub. Sahil dövlətləri dünyanın dənizlərinə ildə nə qədər balıq yetişdirib buraxmalıdırlar ey, bax elə kvota. Kim nə qədər ölü verməlidir yəni. Hansı ölkə nə qədər insan itkisi ödəməlidir. Bəlkə, vaksin də tapılıb, sadəcə yaymaq olmaz. 
Əgər belədirsə, onda heç bir ölkə özünü digərlərindən tam təcrid edə bilməyəcək, demək. Ən azı zərurət yaranan ilk anda. Etməməlidir də. Adı töhfə siyahısında olan ölkələr yəni. “İlkin mərhələdə tam qapanmaq olmaz, sonra olar” təlimatı ilə hərəkət etmək əmri var, bəlkə. İçəridə proses işə düşəndən sonra izolyasiya qəbahət sayılmaz kənar müşahidənin – korona sahibinin gözündə yəni. Bəlkə, kimsə – hansısa dövlət əvvəldən bunu bacarsa, yəni müharibənin gözəgörünməz ordusu sərhədi keçməmiş özünü tam təcrid edə bilsə, korona sahibi acıqca gətirdib həmin ölkənin ortasında virus çamadanı açdırar, vəziyyət daha fəlakətli olar? Yəni başının salamat olmasını istəyirsənsə, zəhmət çək, borcunu ödə, kvotanı doldur. Bəlkə, ona görədir bu şüurlu təslimçilik. 
Bəlkə, ona görə bir çox ölkələrdə insan hüququ məsələsini əsas götürüb camaatı zorla evlərinə qovmurlar ki, səhlənkarlar ordusu tam sıradan çıxmasın? Bəlkə, dünyanın bütün ölkələrində virusa ciddi yanaşmayanlar, qaydalara məhəl qoymayıb küçələrdə gəzənlər, əslində, bəşəriyyətin xilası naminə bu prosesə töhfə verirlər özləri də bilmədən? 
Bəlkə, Hindistan xalqının çoxluq və antisanitariya sayəsində, istər-istəməz kvotanı artıqlaması ilə ödəyəcəyi əvvəldən bəllidir deyə dövlət insanları küçələrdə kötəkləyib evlərinə qovur özü də bilmədən. Bəlkə, bu zor tətbiqi sadəcə prosesə həddən artıq töhfə verməyin qarşısını almaq üçündür... 
Bəlkə, bu töhfə, pay, kvota – necə adlanır-adlansın, onun naminədir ki, bütün dünya üzrə virusdan qorunma prosesi radikal tədbirlərlə yox, qəfil qərarlarla yox, tədricən, addım-addım aparlır. Yəni sərhədlər dərhal deyil, bir qədər gec bağlanır. Qərarlar kompleks şəkildə yox, mərhələ-mərhələ verilir. Qadağalardan əvvəl tövsiyələr işə salınır. Dünyanın çox yerində əvvəl kiçik ticarət obyektləri bağlanır, böyüklər bir müddət prosesə “yoluxma töhfəsi” verir, sonra onlar da bağlanır. Kafelər, restoranlar əvvəl yarımgünlük iş cədvəlinə keçirilir, bir müddət belə qaldıqdan – yəni töhfə verdikdən sonra tam bağlanır. Şəhərlərin qapısı, ictimai nəqliyyatın fəaliyyətinin dayandrılması və s. hamısı eyni qaydada həyata keçirilir. Mərhələlərlə yəni. Eləcə də proses gedən ölkələrin təxminən hamısında “fovqəladə vəziyyət” bir neçə köməkçi xüsusi rejimdən sonra tətbiq olunur. Bəlkə, şüurlu, ya şüursuz olaraq bütün bunlar yoluxmanın bəlli bir miqyas alması üçün edilir. Yox, durduğu yerdə insanları qırğına vermək üçün yox. Bəşəriyyətin, insanlığın xətrinə. Sadəcə məcburi kvotanı itaətkarcasına ödəyib sakitcə qurtulmaq üçün. Bəlkə, buna görə bütün dövlətlər hər gün sakitcə yoluxma və ölü sayını elan etməklə məşğuldur? Bəlkə, bu statistika, əslində, cəmiyyətlər üçün yox, bizə məlum olmayan tələb edən üçündür? Bəlkə, hər gün televiziya ekranında gördüyümüz, dövlətlərin bayraqları ilə bəzədilmiş “dünya koronavirus cədvəli” hansısa naməlum qüvvəyə təqdim olunmaq üçün tərtib edilmiş hesabat monitorudur...
BƏLKƏ – 3 
Bəlkə, bu virus ona görədir ki, bəşəriyyətin kənar bir xilaskara ciddi ehtiyacı yaransın. Nəyi pisdir ki? Dünya dağılmadan, günəş düşmədən, yerlə göy birləşmədən, vulkanlarsız, odlu lavalarsız, yanğınlarsız, zəlzələlərsiz, daşqınlarsız, səssiz-sözsüz yaranan bir ehtiyac. Amma həm də elə bir ehtiyac ki, insanlar tanımadığı məxluqları öz aralarında görəndə qorxub qaçmaq əvəzinə, ayağına yüyürüb ətəyindən yapışsın, şəfqət istəsin və alsın, onların böyüyünü özünə şah bilsin. Taclı şah. Gerçək və ən qüdrətli, ədalətli şah. Lap Allahın yer üzündə gerçək kölgəsi kimi. Bir gözün söyəndə, o biri sevən şahlardan yox, iki gözünlə sevə biləcəyin, yer üzündən bütün sərhədləri götürüb xoşbəxt bir dünya yaradacaq şah... 
ABSURD
Absurd bəlkələrdir? Guya bu dünyada nə absurd deyil ki? Texnologiya inkişaf etdikcə özümüzün gerçək və ya illüziya olduğumuza şübhələrimiz daha da artmırmı? Bəlkələr də absurd görünəcək, şübhə yaradacaq, əlbəttə. Amma heç də bütün şübhələr, absurdlar öz obyektindən tam imtina üçün birmənalı səbəb olmayacaq...      

SON – ÇAPIQ VƏ VİRUS 
...Həyat belədir, bir vaxtlar balanın alnına düşən və anasının canını yandıran çapıq, gün gəlir, həmin ananı yaşadan işıqlı ümidə çevrilir... 
Kim bilir, bəlkə, bu gün hamımızın canını yandıran koronavirus da gün gələcək, hamımızı virtualdan reala qaytaran, hamımıza doğmaların, qohum-əqrəbanın qapısını açmaq, qapı-qonşunun halından pəncərədən, həyət-bacadan xəbər tutmaq, tanış-bilişə baş çəkmək, əlsiz-ayaqsızları gedib birbaşa evində yoxlamaq həvəsini, vərdişini qaytaran, bütün bəşəriyyətə, nəhayət ki, virtual yox, gerçək sevgi, süni yox, gerçək təbəssümlə yaşamağı yenidən öyrədən işıqlı bir səbəb kimi xatırlanacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar