Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən müraciətlər daxil olur.
Lent.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, müraciətlərdə Nazirlikdən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur və bir çox hallarda bu bildirişlərin sistemə tanımadıqları işəgötürənlər tərəfindən daxil edildiyi bildirilir.
“Bununla bağlı bildirirəm ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.
Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir.
Nəzərinizə çatdırıram ki, qeyd olunan şəxslər e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər.
Həmçinin qeyd etmək istəyirəm ki, işəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər”, - deyə F.Talıbov vurğulayıb.