Bəhram Bağırzadənin son durumu AÇIQLANDI
16 iyun 2020 12:32 (UTC +04:00)

Bəhram Bağırzadənin son durumu AÇIQLANDI

“Bəhram Bağırzadənin 48 saatdan bir az çox EKMO cihazı vasitəsilə həyatı uğrunda aparılan müalicə davam edir”.

Bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov deyib.

O bildirib ki, hazırda gedişatda hər hansı mənfi dinamikanın olmaması, eləcə də laborator analizlərində az da olsa, kiçik müsbət dəyişikliklərin olması həkimlərin bu mübarizədə B. Bağırzadə ilə gələcəkdə uğur qazanmaq üçün ümid işığıdır: “Ümumiyyətlə, dünya tibbinin reallıqlarını nəzərə aldığımız zaman belə zədələnmiş ağciyərin müalicəsindən qısa müddətdə cavab alınması imkansızdır. Bunu nəzərə alaraq yəqin ki, bizim üçün bu günlərdə ən vacib olan məsələ tibbi cəhətdən digər orqanların funksiyalarının qorunması, eləcə də ağciyər yerinə fəaliyyət göstərən EKMO cihazının fəaliyyətinin davam etdirilməsidir. Yəqin ki, bu mübarizə hələ uzun müddət çəkəcək. Bu arada mediada yayılan, həqiqətə uyğun olmayan videogörüntüləri, eləcə də bu fikirlərin  həm ailəsi, həm də tibb işçilərinin həssas dönəmdə gördükləri işə olan münasibətə göstərdiyi təsir və əsası olmayan bilgilərin ortada bu qədər geniş yayılması məsələsinə hamının daha həssas yanaşmasını arzu edirəm. Bildirmək istəyirəm ki, hazırkı vəziyyətdə ağciyər transplantasiyası ilə əlaqədar hər hansı plan yoxdur. Bu vəziyyət təkcə ölkəmizlə əlaqəli deyil, bütün dünyada belə vəziyyətlərdə, xüsusi vəziyyətlər xaricində transplantasiyadan söhbət gedə bilməz”.

R.Mahmudov qeyd edib ki, müalicənin gedişində hər hansı çatışmazlıq yoxdur: “Bu gün ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarəti altında, eləcə də Dövlət Gömrük Komitəsinin tibbi xidmətinin imkanları daxilindən bütün dünyada lazım olan  preparat, dərman vasitələri və tibbi texnologiyada ən yüksək vəziyyətlərdə istifadə olunan avadanlıqlar daxil hər şey əlimizin altında var. Sadəcə, Bəhram bəyin deyil, orada bu xəstəlikdən əziyyət çəkən yüzlərlə xəstə üzərində bu müalicə davam etdirilir. Ümid edirik, Bəhram müəllim və digər xəstələrimizin də bu müalicələr nəticəsində ortaya qoyulmuş əməyə qarşılıq, müsbət nəticələrini əldə etmiş olarıq. Bir daha bu mövzuya həssaslıqla yanaşıldığına görə bütün media mənsubları, eləcə də ictimaiyyətə öz təşəkkürümüzü bildiririk. Hamıdan arzumuz və istəyimiz odur ki, bu məsələyə həssaslıqla yanaşaraq, sadəcə rəsmi qurumların və rəsmi şəxslərin verdiyi məlumatlar xaricində, əlavə məlumatlara uymasınlar və yaymasınlar”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10000
avatar

Oxşar yazılar