Baş infeksionistdən ÇAĞIRIŞ: "Hərbçilərlə sıx təmasda olmayın!"
14 oktyabr 2020 14:51 (UTC +04:00)

Baş infeksionistdən ÇAĞIRIŞ: "Hərbçilərlə sıx təmasda olmayın!"

“Koronavirusa yoluxma hallarının artımı gözlənilən idi”. 

Bu sözləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, buna hələ yay aylarından hazırlıq gedib:

“Əslində artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir. Biz görürük ki, əhatə olunduğumuz ölkələrdə də hələ bir qədər əvvəl bu baş verib. Bu səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar. Birinci qrup səbəblər təbiidir, yəni günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar, toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlarda soyuq olduğu üçün havalandırmaya riayət olunmur. İnsanlar havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər, nəticədə tərləyir və ya soyuqlayırlar. Həmçinin soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqaviməti bir qədər zəifləyir və s. 

İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər və əhalinin davranışı ilə sıx bağlıdır. Yəni burada qeyd olunan maskanın taxılması, sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunması, əllərin gigiyenası və b. Son zamanlar məhz bu qaydalara bir o qədər də ciddi riayət olunmur”.

T.Eyvazov diqqətə çatdırıb ki, hazırda virusla bağlı neqativ dinamika izlənməkdədir:

“Bu özünü yoluxanların sayındakı artım və sağalanlarla nisbətdə üstünlük təşkil etməsi ilə özünü göstərir. Ancaq hesab edirəm ki, proses nəzarət olunandır və istənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bu qərarlar Operativ Qərərgah tərəfindən qəbul olunaraq tətbiq edilir. Mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb”.

Baş-infeksionist hesab edir ki, son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınçılıq yaradıb:

“Maska taxanların sayı azalıb, əhali daha çox toplaşdığı yerlərdə sosial məsafə gözlənilmir. İctimai nəqliyyatda eyni hallar müşahidə olunur və s. Bunlara görə də bir daha əhali ilə maarifləndirmə işləri aparılmalı bu qaydalara əməl olunmasına nəzarət ciddiləşdirilməlidir. 

İnsanlarımıza müraciət edərək çatdırmaq istəyirəm ki, bu qaydalara birgə əməl etməklə biz yoluxmaların sayını azalda bilərik və bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər. Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, təmasları, xüsusilə hərbiçilərlə sıx təmasları minimuma endirməlidir. Özünü narahat edən insan müvafiq şikayətlər olarsa tibbi yardım üçün vaxtında müraciət etməlidir. 

Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından bilavasitə asılıdır. Bu baxımdan onlara maddi, mənəvi dəstək olmalı, lakin koronavirusu unutmamalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar