Bakıda məktəbə Arif Məlikovun adı verilib.
Mədəniyyət Nazirliyindən Lent.az-a bildirilib ki, 2019-cu ildə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncam imzalanmışdır. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılıb.
Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.
Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli Sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib. Məktəb Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 92 ünvanında yerləşir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.