Bu gündən Bakıda bir sıra marşrut avtobusunun sürücüləri qoruyucu maskalar taxmağa başlayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a açıqlama verib. Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün daşıyıcı şirkətlərə sürücülərin qoruyucu maska taxması tövsiyə edilib. Qurum rəsmisi daşıyıcıların bəzilərinin tövsiyəyə əməl etdiyini və sürücülərin maska ilə təmin edildiyini söyləyib:
“Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün daşıyıcı şirkətlərə sürücülərin maska taxmasını tövsiyə etmişik. Bəzi daşıyıcılar da bu tövsiyəmizə əməl edib. Yəni, burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Avtobusların dezinfeksiyası və salonun təmiz olması məcburidir. Həmin qoruyucu maskaları sürücülərə daşıyıcı şirkət verir. Onun müəyyən müddətdən bir dəyişdirilməsi və digər məsələlərə də daşıyıcı özü nəzarət edir. Bildiyiniz kimi, “BakuBus” şirkəti BNA-nın tabeliyindədir. Buna görə də həmin şirkət sürücülərinin kifayət qədər maska ilə təmin olunmasını da BNA təmin edir. Arzu edirik ki, digər özəl daşıyıcı şirkətlər də bu tövsiyəni nəzərə alıb əməl edəcəklər”.