BDU-dan qovulan tələbə ilə bağlı YENİ XƏBƏR
01 dekabr 2020 17:17 (UTC +04:00)

BDU-dan qovulan tələbə ilə bağlı YENİ XƏBƏR

0

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Lent.az-a BDU-dan verilən məlumata görə, iclasda universitetdən xaric edilən Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq rektorun müvafiq əmri ilə yaradılan  komissiyanın qərarı da müzakirə edilib.

Komissiya qərarında bildirib ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Pərviz Məhəmmədov Pərviz dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar edib. Edilən xəbərdarlıqlara baxmayaraq, Pərviz Məhəmmədov noyabrın 23-də onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər etmişdir. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Pərviz Məhəmmədov universitet tələbələri sırasından xaric olunub. 

Bir müddət sonra Pərviz Məhəmmədov ərizə ilə BDU rektoruna müraciət edərək səhvlərindən peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib. O, bundan sonra universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.

Komissiya məsələni yenidən araşdırıb, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Pərviz Məhəmmədovun universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış etmişdir. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılmışdır. Şura üzvləri məsələni geniş müzakirə etmiş və komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib. 

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Pərviz Məhəmmədov haqqında verilən əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.  

Bütün fakültə rəhbərliklərinə pandemiya şəraitində tədrisin onlayn formada aparılmasına baxmayaraq tələbələrlə və tələbə təşkilatları ilə sıx işləmək, tələbələr arasında daxili nizam-intizam qaydalarına riayət olunması haqqında mütəmadi işlərin gücləndirilməsi tapşırılıb. Bir daha vurğulanıb ki, Azərbaycanın dövlət rəmzləri olan dövlət bayrağı, dövlət gerbi və dövlət himninə hörmət etmək hər bir Azərbaycan vətəndaşının borcudur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6752

Oxşar yazılar