Ölkədə koronavirusla mübarizə tədbirlərinin önündə karantin rejiminin tətbiq olunması gəlir. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra sahələrin fəaliyyətinə məhdudiyyət qoydu.
KİV nümayəndələri, polis işçiləri, həkimlər, vəkillər, iri marketlər, avto təmir sexləri və.s sahələr fəaliyyət göstərsə də, kafe və restoranlar, geyim dükanları və s. iaşə obyektlərinin fəaliyyəti isə dayandırılıb. Elə baş verən karantin pozulmaları da ən çox gizli kafelərin aşkarlanması və icazəsiz evdən çıxma halları ilə müşahidə edilir.
Bəs görək, hansı hallarda insanlar cərimələnə, hansı hallarda həbs oluna bilər?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Lent.az-a danışıb. Onun sözlərinə görə, karantini rejimi pozulan zaman işin hallarından asılı olaraq, müxtəlif cəzalar təyin oluna bilər:
“Maska və ya əlcək taxılıb-taxılmamasına görə, hər hansı cəza nəzərdə tutulmayıb. İstər icazəsiz evdən çıxması, istər kafe və ya restoranların gizli fəaliyyət göstərməsi karantin rejimi və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozulması hesab olunur. Buna görə də, fiziki şəxslər 100-200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2-5 min manatadək məbləğdə cərimə edilir. Ağırlaşdırıcı hallarda isə həmin şəxs və ya şəxslər 211-ci maddəyə görə 1 aylıq inzibati həbs edilir”.
Həmsöhbətimiz eyni zamanda ağırlaşdırıcı hallara da aydınlıq gətirib:
“İnzibati Xətalar Məcəlləsində bir sıra maddələr inzibati xətanı ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Həmin maddələr aşağıdakılardır:
- 33.1.1-ci maddə - səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;
- 33.1.2-ci maddə - inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi;
- 33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;
- 33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi;
- 33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;
- 3.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi;
- 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi”.