Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a məlumat daxil olub.
Məlumatda bildirilir ki, koronavirus infeksiyasına yoluxan 12 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb:
"Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxan 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb".