Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv monitorinq və yoxlamaları davam etdirir.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Buta Farm” (Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, 30A və Nəsimi rayonu, S. Vurğun küçəsi, 112), “Zeytun Pharmaceuticals” (Bakı şəhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 69, Yasamal rayonu, H. Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27), “Vita Aptekləri” (Bakı şəhəri, Nəsimi rayonu, M. Cəlal küçəsi, 18A), “İntermed Plyus” (Sumqayıt şəhəri, məhəllə 40), “Dokta” (Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi, 78B, Xaçmaz şəhəri, N. Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M. Rəsulzadə küçəsi) apteklərdə dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkar edilib, müvafiq protokollar tərtib edilərək, toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin, habelə tibbi spirt və maskaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamaları davam etdirir.