Artıq bir neçə gündür koronavirusa qarşı marşrut avtobusları dezinfeksiya edilir. Görəsən, dezinfeksiyadan əvvəl görülməli olan təmizlik işləri necə, yerinə yetirilirmi? Məsələn, 10 ilə yaxındır istifadədə olunan əksər avtobusların salonlarında, xüsusən də oturacaqlarındakı təmizlik heç də ürəkaçan deyil. 30, 49, 53, 32, 36 saylı və digər marşrut avtobuslarını misal çəkmək olar. İnsan sağlamlığı üçün real təhlükə mənbəyinə çevrilən natəmizliyin aradan qaldırılması üçün hansı işlər görülür?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, son zamanlar epidemioloji vəziyyətə görə avtobusların hər gün yuyulması barədə daşıyıcı şirkətlər qarşısına qəti tələb qoyulub:
“Bakı şəhərində müntəzəm sərnişindaşımalarda istifadə olunan bütün avtobuslar dezinfeksiya edilib. Texniki vəziyyətindən asılı olmayaraq, hamısında bu işlər icra edilib. Sadalanan avtobusların texniki baxımdan yararsız olması ilə razıyam. Daşıyıcılar da avtobusların vaxtlı-vaxtında təmizlənməsində boşluqlara yol verir. Amma epidemioloji vəziyyəti nəzərə alaraq daşıyıcılar qarşısında qəti tapşırıq qoyulub ki, mütləq şəkildə avtobuslar xətdən qayıtdıqdan sonra yuyulsun və daha sonra dezinfeksiya olunsun”.